ABŞ Azərbaycanı qorumağa məhkumdur

Çünki rəsmi Bakı Vaşinqtonun regiondakı maraqlarının təminatında mühüm mövqeyə sahibdir

“Azərbaycanla qurduğumuz ikitərəfli münasibətlər təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi və enerji əməkdaşlığı və insan haqları və qanunun aliliyinə hörmət kimi üç əsas sütun üzərində qurulub”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib. Səfir bildirib ki, Vaşinqtonun çatdırmaq istədiyi ismarıc aydındır. Litzenberger bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın Sovet İttifaqından ayrılandan sonra əldə etdiyi müstəqilliyini, sabitliyini və rifahını tam dəstəkləyir:

“Adını çəkdiyim sahələrin biri olan təhlükəsizlik üzrə əməkdaşlıq bu həftə keçirilən tədbirin mövzusudur. Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında davamlı təhlükəsizlik təşəbbüsləri mövcuddur ki, bunların sayəsində sərhəd təhlükəsizliyi, Xəzər dənizində mühüm infrastrukturun mühafizəsi, kibertəhlükəsizlik və transmilli terrorçuluğa qarşı mübarizə sahələrində gücləndirici fəaliyyətlər həyata keçirilir”. 

Amerikalı səfirin diqqət çəkdiyi məqamları və ABŞ-Azərbaycan əlaqələrini “Şərq”ə dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Amerika Azərbaycana mühüm enerji ehtiyatlarına malik, nəqliyyat xətlərinin qovşağında yerləşən önəmli ölkə kimi baxır. Politoloqun sözlərinə görə, ABŞ-ın Əfqanıstandakı qoşunlarının silah-sursat və ərzaq təchizatı Azərbaycan ərazisi vasitəsi ilə həyata keçirilir:

“Amerikadan gələn yük təyyarələri Azərbaycanda enir, hətta bir çox məhsullar ölkəmizdən təmin edilir. Yüklər Xəzər dənizi ilə Azərbaycan gəmiləri sayəsində Qazaxıstanın Aktau limanına daşınır.

Oradan təyyarələrə yığılaraq birbaşa Əfqanıstana göndərilir. Azərbaycan ABŞ-ın Əfqanıstandakı 90 min nəfərlik hərbi kontingentinin təchizatında mühüm rol oynayır.

Həmçinin, Azərbaycanın 150 nəfərlik qoşun heyəti sülhməramlı kimi Əfqanıstanın paytaxtı Kabildə elektrik stansiyası və digər strateji obyektlərin qorunmasında iştirak edir.

Azərbaycan bölgədə İpək Yolu layihəsinin həyata keçirilməsində açar ölkədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi ilə ABŞ-ın müttəfiqlərinə, Avropa ölkələrinə yüksək keyfiyyətli xam neft göndəririk. TANAP vasitəsi ilə qazımız Avropa dövlətlərinə çatdırılır. Yaxın iki-üç il ərzində Avropanın ən böyük mavi qaz təchizatçısı olacağıq”. 

Q.Hüseynli bildirib ki, Azərbaycan həm də Avropadan Asiyaya gedən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin təşkilatçısı və icraçısıdır:

“Qərb ölkələrindən Çinə gedən rabitə, internet və digər kommunikasiya vasitələrinin hamısı Gürcüstan və Azərbaycan ərazisindən gəlib-keçir. Bütün bunlar ABŞ-ın strateji maraqlarına cavab verir.

Rəsmi Bakı Vaşinqtonun regiondakı maraqlarının təminatında mühüm mövqeyə sahibdir. Paytaxtımız beynəlxalq siyasi, iqtisadi və idman tədbirlərinin keçirildiyi mühüm mərkəzə çevrilib. Rusiya da daxil olmaqla bölgənin heç bir ölkəsi bu qədər geniş funksiyaları həyata keçirmək iqtidarında deyil”.