Tovuz döyüşlərində dərslərini aldılar

Ermənistanın Gəncəni vuracaq gücü və cəsarəti yoxdur

"Təbii ki, boş söhbətdir. Vurandırlarsa, buyurub vursunlar. On qat artığını alacaqlar Azərbaycan tərəfdən. Təbii ki, buna gedə bilməzlər"

Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribat zamanı sarsıdıcı zərbə alan Ermənistan hökuməti indi də Gəncəni vurmaqla hədələyib. 
Əslində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa çoxdan adət edib və bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib.
  Düşmən ölkə işğal siyasətindən əl çəkmək əvəzinə dinc sakinlərin yaşadığı şəhəri bombalayacağı ilə hədələyir. Görünür, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir.
Ancaq işğalçılar unutmamalıdırlar ki, Azərbaycan istənilən təhdidə adekvat cavab vermək gücündədir və heç bir qüvvə işğal altındakı torpaqları azad etməyə mane ola bilməyəcək.

Sözsüz ki, qondarma cinayətkar rejimin "başçısı" A.Aratunyanın blef xarakterli bu çıxışında məqsəd daxili problemlərdən diqqəti yayındırmaqdır. Bir tərəfdən ölkədə siyasi, sosial-iqtisadi gərginlik böyüyür,  digər tərəfdən də N.Paşinyanın koronavirus pandemiyası ilə mübarizədə hər hansısa bir proqramının mövcud olmaması yoluxma və ölənlərin sayının getdikcə artması ilə nəticələnir. 

Eyni zamanda da  Paşinyanın BBC televiziyasının "HARDTalk” proqramında özünü növbəti dəfə rüsvay etməsi, digər tərəfdən daxili dramatik vəziyyət, pandemiyanın ağır fəsadları ölkədə ciddi etirazlara səbəb olub. Faşist ideologiyasının təbliğatçıları isə bu rəzillikdən qurtuluşu yenə də təxribatlar törədib əhalinin fikrini yayındırmaqda görürlər.

Qarabağdakı qondarma rejimin "başçısı" Araik Arutunyanın  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin vurula biləcəyi ilə bağlı sərsəm fikirləri, əlbəttə ki, Azərbaycan ictimaiyyətində narahatçılıq yaratmaq məqsədini güdür. Guya, xalq bundan ciddi narahat olacaq və ölkədə gərginlik yaranacaq.

Lakin bu terrorçu qruplaşmanın üzvləri yaxşı bilirlər ki, Azərbaycan xalqı təcavüzkarın hansı hərbi "gücə” malik olduğundan yaxşı xəbərdardır. Əgər Ermənistanda Gəncəni vurmaq cəsarəti var idisə, Aprel və Tovuz döyüşlərində bunu nədən reallaşdırmadı?! Təəssüfləndirici haldır ki, terrorçu hakimiyyətin bu vəhşilikləri dünya birliyinin gözü qarşısında baş verir.

Yenə də təcavüzkara qarşı heç bir sanksiya tətbiq edilmir. Münaqişənin nizamasalınma prosesinə cəlb edilən ATƏT-in Minsk Qrupunun həmsədrləri də hər zaman eyni ampluadadırlar. Elə ona görə işğalçı bu cəzasızlıq mühitindən lazımınca yararlanaraq hərbi təxribatlarından əl çəkmir. 

  Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına görə, qanunsuz rejimin qondarma “başçısı”nın Gəncə şəhərinə hərbi zərbə endirməklə  bağlı təhdidi  təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir: 

"Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyekt və əhalini hədəf almaqla, terror təşkilatlarına xas bir şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür. Hansı ki, bu ölkə  Yaxın Şərq ölkələrində yaşanan humanitar məşəqqətlərdən özünün mənfur siyasi məqsədləri üçün sui-istifadə etməkdən növbəti dəfə çəkinmir. Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi planını bəyan edib. Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejim vasitəsilə bəzi qondarma rəsmi qurumları Şuşa şəhərinə köçürmək niyyətini bildirib. Özünün mədəni, tarixi və mənəvi xüsusiyyətləri baxımından Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmlənməsinə yönəlmiş növbəti cəhddir. Öz doğma yaşayış yerlərindən qovulmuş Azərbaycan əhalisinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, o cümlədən, Şuşa şəhəri olmaqla, bütün işğal edilmiş ərazilərimizdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli geri qayıtmaq hüququnun bərpa edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində qırmızı xətdir. Bu xəttin keçilməsi kimi qiymətləndirdiyimiz Ermənistanın sözügedən niyyətindən birdəfəlik imtina edilməməsi ciddi fəsadlar törətmək təhlükəsi yaradır”. 
"Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir". Bu bəyanatı isə  Azərbaycan Müdafiə Nazirliyi  yayıb.

Azərbaycan Ordusunun Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malik olduğu qeyd olunan bəyanatda bildirilir ki, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işğalçılıq siyasətinin göstəricisidir və bu, onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir:

"Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı. Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.

Politoloq Fikrət Sadıqov bildirib ki, Gəncə Azərbaycanın digər şəhərləri kimi kifayət qədər müdafiə olunan bir şəhərdir və Ermənistanın bu cür xarakterli çıxışları onun üçün pis nəticələrə gətirib çıxara bilər:

"Azərbaycana qarşı Ermənistanın atdığı bu təxribat xarakterli addım onlar üçün çox pis nəticələr verəcək. Belə bəyanatlar Ermənistanın sadə əhalisinə nəyisə göstərmək məqsədi daşıyır. Məsələn, Ermənistan rəhbərliyi göstərməyə çalışır ki, guya, ölkəsinin hərbi gücü kifayət qədərdir, guya, Ermənistan kifayət qədər güclü dövlətdir və nəinki özümüzü müdafiə edə, hətta digər ölkənin də şəhərlərini vura bilərik.  Bütün bunlar təbii ki, cəfəngiyyatdır. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu durumda susurlar".

Ermənilərin Gəncəni vurmaqla bağlı  səsləndirdikləri fikirləri  absurd hesab edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Ermənistanın Gəncəni vuracaq gücü və cəsarəti  yoxdur: “Niyə belə hədə, belə fikir səsləndiriblər? Ona görə ki, Tovuzda Ermənistanın, işğalçı Ermənistanın burnu ovuldu. Yəni, onlara əməlli-başlı yerləri göstərildi. Bu günlərdə Sərhəd Qoşunlarının günündə Azərbaycan Sərhəd Qoşunları rəsmiləri bəyan etdilər ki, həmin döyüşlərdə ermənilər 2 kilometrə qədər geri oturdulublar. Yəni Azərbaycanın sərhəd postları Ermənistana doğru 2 kilometrə qədər, 1500, 1600, 1700 metr yerini dəyişdirib. Bu, birmənalı şəkildə o deməkdir ki, 12 iyul tarixində başlayan yeni işğal cəhdində əməlli-başlı uduzub. Təbiidir ki, bu uduzma Ermənistan ictimai rəyində Ermənistan hakimiyyətinin əleyhinə işləyir. Ona görə də onlar vəziyyətdən çıxmaq üçün özlərini qalib kimi, daha güclü kimi göstərmək bu cür manipulyasiyaya gedirlər. Yəni, hətta Ermənistan deyil, Dağlıq Qarabağdakı separatçılar belə Gəncəni vuracaq qədər guya güclüdürlər. Təbii ki, boş söhbətdir. Vurandırlarsa, buyurub vursunlar. On qat artığını alacaqlar Azərbaycan tərəfdən. Təbii ki, buna gedə bilməzlər". 

ATƏT-in Minsk Qrupunun  keyfiyyətsiz, faydasız və mənasız bir qurum olduğunu vurğulayan A.Həsrət bu qurumun  axırıncı dəfə nə vaxt bir araya gəldiklərini xatırlamadığını deyib:

"Düzdür,  Minsk Qrupunun həmsədrləri olan üç ölkə, ABŞ, Rusiya və Fransa aktiv kimi görünməyə çalışırlar. Bunların nümayəndələri, Azərbaycana, Ermənistana səfər edir, gedib Dağlıq Qarabağdakı separatçılarla da görüşürlər və bir bəyanat verib məsələni sülh yolu ilə həll etməyə çağırıb, çıxıb gedirlər.

Təbii ki, səfər etdikləri yerlərdə yeyib-içib xoşbəxt olub çıxıb gedirlər. Yəni bunların gördüyü heç bir iş yoxdur. Ona görə də, Dağlıq Qarabağı işğal altında tutan qüvvələrin, konkret olaraq Ermənistan Respublikasının ordusunun adı altında, yaxud da himayəsi altında oradakı o bölücülərin bu cür ifadə səsləndirməsinə ATƏT-in Minsk Qrupunun həmsədrləri biganə yanaşırlar. Əslində, onlar dərhal bəyanat verməli və konkret ünvan göstərərək, erməniləri təcavüzkarlıqdan çəkindirməli idilər.

Yəni burada söhbət Azərbaycandan gedə bilməz. Çünki həmişəki kimi tərəfləri çağıra bilməzlər. Azərbaycan iddia eləmir ki, biz haranısa vuracağıq. Amma Ermənistan tərəfi, işğalçılar bunu iddia edir. Ona görə ATƏT-in Minsk Qrupu o iddiaya uyğun cavab verməli idi. Amma təəssüflər olsun ki, vermirlər. Vermədiklərinə görə bir daha bizim sözümüz doğrulanır ki, o qurum, keyfiyyətsiz, mənasız, faydasız bir qurumdir.

Ona görə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin qarşısında duracaq tək qüvvə Azərbaycan Respublikasının özü, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri və vətən üçün hər bir zaman döyüşməyə hazır olan hər bir azərbaycanlıdır. Təbii ki, bizim yanımızda Türkiyə dövləti var öz ordusu ilə. Pakistan dövləti daim Azərbaycanın yanında olduğunu ifadə edib və istədiyimiz zaman çağıracağımız təqdirdə buraya gələcəklər.

Yəni biz özümüzə və ən yaxın dostlarımıza, tərədaşlarımıza güvənməliyik. ATƏT-in Minsk Qrupu isə sadəcə olaraq, quş qovmaq üçündür ki, guya, nə isə etdilər deyə mövcuddur və bu da bizə lazım deyil. Çünki bizə torpaqlarımızın geri qayıtması lazımdır".