Onlar oyuncaq yox, müharibə görüblər

İraqdan gələn azərbaycanlı uşaqlara yalnız təhsil vermək çıxış yolu deyil

Tədrislə paralel olaraq o uşaqlar daimi psixoloq nəzarətində olmalı və cəmiyyətə tam adaptasiyasına nail olunmalıdır

İraqdan Azərbaycana repatriasiya edilmiş uşaqlar təhsilə cəlb olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, cari ildə ölkəyə gətirilən uşaqların təhsilə cəlb olunması prosesi Dövlət Komitəsi, Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin birgə səyi nəticəsində həyata keçirilir.

Bu il repatriasiya edilmiş 5-14 yaş arası uşaqlardan 125 nəfəri baza bilik səviyyəsinə uyğun olaraq, 5 səviyyə üzrə  tədrisə başlayıb. Hər bir qrupda 5-6 uşaq olmaqla, 24 qrupda qruplaşdırılan uşaqlar üçün həftədə 3 dəfə, hər biri 3 saatlıq onlayn dərs keçirilir. Tədris ilinin əvvəlində uşaqların bilik səviyyəsinin yenidən qiymətləndirilməsi və yaşlarına uyğun ümumi siniflərə yerləşdirilməsi nəzərdə tutulur.

Uşaqların həmyaşıdları ilə bir sinifdə təhsil alması onların psixo-emosional inkişafı, sosiallaşma prosesinə mühüm təsir göstərdiyi üçün təhsil formasının seçilməsində bu amillərə də diqqət yetirilir.

Psixoloq Azad İsazadə isə hesab edir ki, bu uşaqların təhsilə cəlb olunması problemin həlli deyil. Reabilitasiya tədbirləri kompleks şəkildə aparılmalıdır.  

Bu barədə "Şərq"ə açıqlama verən psixoloqun sözlərinə görə, müharibə görən uşaqlar istər-istəməz psixoloji travma  alır, postdramatik sindrom yaşayırlar. Onların sivil cəmiyyətə  adaptasiyası mühüm məsələdir:

"Psixologiyada "uşaq aləmi" deyilən bir anlayış var. Müharibə görən uşaqlar isə uşaqlara  xas  həyatı yaşamırlar.  "Uşaq aləmi"nə görə uşaqların əsas işi  oynamaqdır. İkinci  işi bilik öyrənmək, üçüncüsü isə düzgün qidalanıb sağlam formalaşmaqdır.

Ekstremal həyat tərzi yaşayan uşaqlar  bu cür həyat tərzindən məhrum böyüyür. Psixoloji reabilitasiyanın məqsədi isə  həmin uşaqlara onlara xas həyat tərzini bərpa  etməkdir.

Tədrislə paralel olaraq o uşaqlar daimi psixoloq nəzarətində olmalı və cəmiyyətə tam adaptasiyasına nail olunmalıdır. Düşünürəm ki, düzgün aparılan reabilitasiya tədbirləri ilə həmin uşaqların adaptasiyasına nail olmaq mümkündür. 

Bunun üçün də  pedaqoqlarla yanaşı uşaq psixoloqları və uşaq həkimləri onlara "uşaq aləmi"nin mahiyyətini praktik formada göstərməlidir".