Fikirlər haçalanır

Deputat deyir olmaz, həkim deyir olar

Aşura mərasimlərinin keçirilməsi arzuolunmaz nəticələr yarada bilər


Hər il Azərbaycanda  Məhərrəm ayı xüsusi formada keçirilir.  Ayın 10-cu - Aşura günündə müsəlmanlar pirlərə, ziyarətgahlara axışır, Kərbəla hadisələrinin ildönümünü qeyd edirlər. Bu il isə Məhərrəm ayı koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf etdiyindən  dini mərasimlərin icrası məhdudlaşdırılıb. Daha doğrusu,  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar, pirlər ziyarətçilərin üzünə bağlıdır. Bu səbəbdən Məhərrəm ayında insanlara dualarını məscidlərdə deyil, evlərində etmələri tövsiyə olunur.

Professor Adil Qeybulla isə hesab edir ki, açıq sahəsi olan məscidlərin həyətində sosial məsafə gözlənilməklə insanlar dini tədbirlərdə iştirak edə bilərlər:

“Tibbi baxımdan bunu izah edərkən, əsas təhlükə qapalı məkan məsələsidir. İkincisi, sosial məsafə məsələsi ciddi problemdir. Xüsusən də qapalı məkanlarda sosial məsafəni qorumaq çətindir, hətta qorunsa belə, 2 saat yoluxmuş bir insanla eyni məkanda qalmaq yoluxma ehtimalı baxımından ciddi riskdir. Bütün bunlar insanların sağlamlığını qorumaq üçün atılan addımdır". Professorun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olsa da, dinimizə böyük sayğı və diqqət var. İnsanların sağlamlığını qorumaq elə dinin də dəstəklədiyi məsələdir.

"Azərbaycan dövləti hər zaman dini-mənəvi dəyərlərə diqqət və qayğı göstərib. Ölkədə 2000-dən artıq məscid fəaliyyət göstərir. Hər il  Məhərrəmlik mərasimləri və digər dini bayramlar  yüksək səviyyədə qeyd olunur. Amma bu yaşadığımız qlobal problemlə əlaqədar məscidlərdə dini ayinlərin icrasına məhdudiyyətlər qoyulub".

Bu sözləri isə  "Şərq"ə millət vəkili Ceyhun Məmmədov deyib. Deputat hesab edir ki, insanların kütləvi toplaşdığı ərazilərdə pandemiyaya yoluxma riski daha çox olduğundan Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar qapalıdır:

"Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Məhz bu təhlükə  fonunda Məhərrəmlik mərasimlərinin qeyd olunması ilə bağlı da  müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Bu günə qədər  bütün dini ayinlərin yüksək səviyyədə qeyd olunmasına baxmayaraq  Məhərrəm ayında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmasına böyük önəm verilir. Ölkəmizdəki hazırkı epidemioloji vəziyyətə uyğun olaraq Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsi vətəndaşlardan xahiş olunur. 

Əks halda  ölkəmiz üçün arzuolunmaz nəticələrlə üzləşə bilərik. Hansı ki, islam dininin özündə insan sağlamlığına xüsusi önəm verilir. Hətta etdiyimiz ibadətlər zamanı  sağlamlıqla bağlı  müəyyən güzəştlər tətbiq olunur.

Xüsusən də Oruc və dəstəmaz zamanı sağlamlıqla bağlı qeydlər xüsusi əhəmiyyət kəsb edir. Son günlər virusla mübarizədə müsbət nəticələr əldə etmişik, onu bir neçə gündə itirə bilərik, virusa yoluxma və ölüm sayı arta bilər. Ona görə də Məhərrəmlik ayında da diqqətli olmalıyıq, özümüzü qorumalıyıq. Dövlətin və aidiyyəti qurumların tövsiyələrinə uyğun olaraq karantin qaydalarına əməl etməliyik.

Zamanla  həyat öz axarına qayıdacaq və inşallah, növbəti illərdə vətəndaşlarımız dini ayinləri əvvəlki səviyyədə yerinə yetirəcək, məscidlərdə öz ibadətlərini edəcək. İndiki halda isə sadəcə səbrli olmalıyıq!".