“Dini ayinlərin təxirə salınması əhalinin sağlamlığı üçündür”

“Dinimiz əmr edir ki, sağlamlığınızı və canınızı İslamın əmrinə və tibbin göstərişlərinə uyğun qoruyun” 

“Ona görə də dövlətin gördüyü tədbirlərə və qaydalara riayət etmək vacibdir”


Dövlətimizin üzərinə əhalinin sağlamlığının təmin edilməsi kimi mühüm vəzifə düşür. Məhz bunun üçün də çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu il Məhərrəm ayı və Aşura günü koronavirusla bağlı yaranmış riskli şəraitə təsadüf etdi. Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi təhlükəlidir. Çünki dini rituallar ölkədə koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə ola bilər.

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir. 

Dini ayinlərin keçirilməməsi yalnız ölkəmizdə yox, digər müsəlman dövlətlərində də müşahidə olunur. Bu, epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana  toplaşması yoluxma ehtimalını artırır. Lakin bu hal bəzilərinin narazılığa səbəb olur. Dini ayini yerinə yetirmək istəyən bir çox vətəndaşlar yoluxma təhlükəsini düşünmürlər.

Məsələyə münasibət bildirən “Heydər” məscidinin imamı, ilahiyyatçı Rüfət Qarayev “Sherg.az”a açıqlamasında  bildirib ki, Məhərrəm ayı insanların dini və mənəvi dəyərinə çevrilib. İnsanlar əsrlərdir ki, bu adət-ənənəni həm özləri yaşayır, həm də gələcək nəslə ötürmüş olurlar. 
İlahiyyatçı qeyd edib ki, bu il dini ayinlərin keçirilməməsi ilk növbədə əhalinin sağlamlığının qorunması məqsədini daşıyır:

“Əvvəlki illərdə Məhərrəm ayının 1-ci günündən 9-cu gününə qədər məscidlərlə məclislər təşkil olunur, söhbətlər edilir, mərsiyələr deyilirdi. Sonda isə həm dinimiz, həm də vətən və millətimiz uğrunda şəhid olanların ruhuna Quran və dualar oxunurdu.

Amma bu, o demək deyil ki, bu il ölkədə yaranmış şərait Allahla aramızda olan ibadətimizə mane olacaq. Əsla belə deyil. Hər kəs yenə İmam Hüseyn (s.ə.s) üçün dualarını edəcək və ailəsinə, övladlarına, gələcək nəslə bu ənənəni ötürəcək.

Hazırkı vəziyyət müvəqqətidir. “Quran-i Kərim”də də buyrulur ki, hər bir çətinlikdən sonra rahatlıq və asanlıq var. Ümid edirik ki, bu çətinlik aradan qalxacaq, insanlarımız əvvələr olduğu kimi yenə də məscidlərlə İmam Hüseyn adına məclislər təşkil edəcək, cümə və bayram namazları qılacaq, Həcc ziyarətinə gedəcəklər.

Lakin indiki halda səbrli olmalıyıq. Çünki bu, bizə dinimizin əmridir. Dinimiz əmr edir ki, sağlamlığınızı və canınızı öz düşüncənizə görə  yox, İslamın əmrinə və tibbin göstərişlərinə uyğun olaraq qoruyun”. 

R.Qarayev vurğulayıb ki, hər kəs Operativ Qərargahın və həkimlərin tövsiyələrinə riayət etməlidir:

“Bu gün həkimlər və Operativ Qərargah nəinki məscidlərdə, ölkəmizdəki bir çox yerlərdə-ticarət obyektlərində, qapalı məkanlarda kütləvi toplaşmanı qadağan edir.

Bütün bunlar əhalinin xeyrinədir. Xəstəlik müddəti nə qədər uzanarsa, vətəndaşlar bir o qədər əziyyət çəkmiş olarlar.

Amma bu bəla tez yox olarsa, insanlar rahat şəkildə ibadətlərinə davam edə bilərlər. Ona görə də dövlətin gördüyü tədbirlərə və qaydalara riayət etmək vacibdir”.