“Növbəti tədbirlər seroloji testin nəticəsindən asılıdır” 

“Seyroloji test vasitəsilə gələcəkdə maksimum nə qədər adamın yoluxa biləcəyi üzə çıxacaq”

 “COVİD-19” pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Əsas məqsəd əhali arasında “COVİD-19” xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək. Qeyd edək ki, testlər könüllülük prinsipi ilə və tam ödənişsiz aparılır. 

 Bu barədə “Sherg.az”a danışan həkim-psixoterapevt Əli Nağıyev seroloji testlərin əhəmiyyətini yüksək qiymətləndirib: 

“Bu, çox prinsipial və əhəmiyyətli məsələdir. Seroloji testlər vasitəsilə ilk növbədə kütləvi immunitet yoxlanılacaq. Beləliklə, “COVİD-19”a qarşı immunitetin hansı səviyyədə olduğu müəyyənləşəcək. İkincisi isə bu təşəbbüs proqozlaşdırmaya kömək edəcək.

Tutaq ki, indiki durumda 100 faiz əhalinin 20 faizinin yoluxduğunu bilirik. Seroloji testlər nəticəsində bu göstəricinin şərti mənada 80 faiz olduğu bilinəcək.

Deməli, 60 faiz insan koronavirusu simptomsuz keçirib və onlar daha yoluxa bilməzlər. Beləliklə, gələcək üçün yerdə qalan 20 faizin yoluxma ehtimalı nəzərə alınacaq və buna müvafiq addımlar atılacaq.

Yəni bundan sonra “COVİD-19” əleyhinə görüləcək tədbirləri müəyyənləşdirəcək əsas amil məhz bu testin nəticəsi olacaq. Bir sözlə, seyroloji test vasitəsilə gələcəkdə maksimum nə qədər adamın yoluxa biləcəyi üzə çıxacaq”.