Bitsin artıq bu çilə ! - Xınayaxdı insanların cibini “yakdı” – Pul “tələ”si !

“Xınayaxdının fəlsəfəsi çox gözəl olsa da, onu eybəcərləşdiriblər”

“Məsələnin kökündə bircə fakt dayanır: müxtəlif qrup insanın tamahkarlığı”

“Bunun üçün xüsusi taxt-taclar, geyimlər düşünüldü ki, daha təmtəraqlı keçirib pul qazansınlar”

“Xına məclisi yalnız toy sahibini deyil, qonaqları da əlavə xərcə salır”


Milli ritullarımızdan biri də xınayaxdı mərasimidir. Əvvəlki dövrlərdə xına məclisi az xərclə və sadə mərasim kimi qeyd olunurdu. Müasir dövrün gəncləri isə mərasimin dəbdəbəli keçirilməsinə daha çox maraq göstərir. Bu da yeni biznes sahəsi kimi bir çoxlarının diqqətini cəlb edir. Təəccüblü deyil ki, Azərbaycanda xına mərasiminin təşkili gəlirli bir biznes sahəsinə çevrilib. Artıq xına məclisi təmtərağına heç də toylarımızdan geri qalmır.

Əsas məsələ bu mərasimin neçəyə başa gəlməsidir. Bəzi şirkətlər və fərdi şəxslər xınayaxdı üçün müxtəlif paktelər təklif edir. Elə xidmət haqqları da həmin paketlərin həcminə uyğun olaraq dəyişir. Ən ucuz paketlərdə, adətən, standart olaraq dekor, müxtəlif naxışların vurulması, sintezator, aparıcı, video çəkiliş və s. nəzərdə tutulur. Qiymətlər milli geyimlərin və gəlin taxt-tacının dəbdəbəli olmasına görə dəyişir.

 

Daha bahalı paketlərə isə müğənni, musiqi ansamblı, milli geyimlər, rəqqasələr, dicey, davulçu, müxtəlif aksesuarlar, kəcavə, foto çəkiliş, gəlinin faytonla gətirilməsi kimi xidmətlər daxil edilir. Əlavə olaraq müştərinin təkliflərinə əsasən qiymət arta və ya azala bilir. Beləliklə xına mərasiminin təşkili 250-10000 manat arası olur. Hələ oğlan evinin və qonaqların çəkdiyi xərcləri, gətirilən xonça və hədiyyələrin pulunu demirik...

Maraqlıdır, bir xına məclisi üçün bu qədər izafi xərcin çəkilməsi nə dərəcədə düzgündür?



Sualımızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında söyləyib ki, hələ qədim zamanlardan xınayaxdı mərasimləri təşkil edilirdi. Amma böyük təmtəraqla qeyd olunmurdu. Sosioloqın sözlərinə görə, xınayaxdı adəti odur ki, toydan qabaq gəlinin ovqatı yüksəlsin, toya psixoloji hazır olsun:

“Ona görə xınayaxdı yaxşı düşünülmüş və əsrlərdən gələn bir mərasim idi. Gəlin xınalanandan sonra özündə başqa ovqat hiss edir və toya hazır olur. Lakin son illər toylarla bağlı xoşagəlməz və meşşancasına proseslər baş verdi. Bu, eyni zamanda xınayaxdı və ciyər axşamına sirayət elədi. Beləliklə xınayaxdı mərasimləri aşırı dərəcədə təmtəraqlı keçirildi. Məsələnin kökündə bircə fakt dayanır: müxtəlif qrup insanın tamahkarlığı. Belə şəxslər fərqli yollar axtarıb, camaatın psixologiyasında istifadə edib, kimlərinsə zəif yerini tutaraq öz bizneslərini qururlar. Bir qrup çevik insan oturub “ixtira” etdi ki, “toy başqa məclisdi, mən də xınayaxdı mərasimi təşkil edim”. Bunun üçün xüsusi taxt-taclar, geyimlər düşünüldü ki, daha təmtəraqlı keçirib pul qazansınlar. Pul qazanmağın da müxtəlif yolları var. Bir var pulu qazanıb kimlərəsə fayda verəsən. Bir də var insanları müəyyən oyunlara salıb, pul qazanasan. Bunun adı möhtəkirlikdir. Yəni xınayaxdıları təşkil edənlər “usta” möhtəkirlərdir. Onlar daha çox pul qopartmaq üçün xınayaxdılara müxtəlif məzmun verməyə başladılar. Axırda iş o yerə gəlib çıxdı ki, bu mərasimlər restoranlarda, böyük zallarda qeyri-adi təntənə ilə keçirildi”.



Ə.Qəşəmoğlu qeyd edib ki, xınayaxdı təşkilatçıları insanların xərcə düşməsinə səbəb olurlar:

“Onsuz da toy ərəfəsində çoxlu xərclər olur. Həmin biznes sahibləri insanları bir də xərcə salırlar. Bu dəqiqə hamı bir-biri ilə bəhsə girib. İctimai qınaq mənfi tərəfdən işləməyə başlayır: “Sən niyə qızına xınayaxdı etmədin?”. Çoxları da  borca-xərcə düşüb bunu edir. Yetər ki, heç kimdən geri qalmasın”.

Xına məclisinin yalnız toy sahibini deyil, qonaqları da əlavə xərcə saldığını deyən sosioloq bildirib ki, mərasimdə iştirak edənlərin hamısı imkanlı deyil:



“Onlardan çətinliklə dolananlar var. Kimsə hədiyyə almalıdır, pul verməlidir, ən azından xınayaxdıya getmək üçün salona gedib saçını qaydaya salıb paltar almalıdır. Bəziləri deyir ki, “bu paltarı toya geyinəcəm xınaya başqasını alım. İki məclisə eyni paltar geyinsəm gülərlər”. Bütün bunlar artıq xərc və israfçılıqdır. Nə var-nə var hansısa hiyləgərlər daha çox pul qazanmaq arzusuna düşür.

Pandemiyanın bir çox müsbət tərəfləri oldu. Belə məclislər dayandı. İnsanlar bir az özünə gəlib başa düşsünlər ki, bu təmtəraq lazım deyil. Xınayaxdının fəlsəfəsi çox gözəl olsa da, onu eybəcərləşdiriblər”.