“ABŞ bütün vaxtlarda Azərbaycanı dəstəkləyib”

“Amerika müstəqilliyimizi dəstəkləməklə yanaşı, enerji, nəqliyyat sahəsində dünyadakı rolumuzu da yüksək qiymətləndirir”

“Bizim çatdırmaq istədiyimiz ismarıc aydın və davamlıdır: Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinə və sabitliyinə verdiyi töhfə tərəfimizdən yüksək qiymətləndirilən müsbət öhdəliyin nümunəsidir”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair simpoziumda çıxışı zamanı deyib.
O, bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın Sovet İttifaqından ayrılandan sonra əldə etdiyi müstəqilliyini, sabitliyini və rifahını tam dəstəkləyir: “Azərbaycanla ikitərəfli münasibətlər təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi və enerji əməkdaşlığı və insan haqları və qanunun aliliyinə hörmət kimi üç əsas sütun üzərində qurulub.

 Səfirin sözlərini “Sherg.az”a qiymətləndirən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin fikrincə, bu dəstək bütün zamanlarda olub: 

“ABŞ Azərbaycanın enerji layihələrinə, o cümlədən neft və qazın xaricə çıxarılmasına hər zaman çox böyük dəstək verib. Enerji dəhlizinin təhlükəsizliyi ilə bağlı ABŞ dəfələrlə öz dəstəyini ifadə edib. Ümumiyyətlə, həmin layihələr hər iki dövlət üçün çox əhəmiyyətlidir. ABŞ-ın Azərbaycanın müstəqilliyini dəstəkləməklə yanaşı, ölkəmizin enerji, nəqliyyat sahəsində dünyadakı rolunu da yüksək qiymətləndirməsi təsadüfi deyil. Çünki Azərbaycan layihələrlə ABŞ-ın ən yaxın müttəfiqlərinin enerji ilə təmin olunmasında mühüm rol oynayır. Qeyd edim ki, səfirin dedikləri ABŞ dövlət başçılarının, xarici işlər nazirlərinin ifadə etdikləri fikirlərin təkrarı idi. Yəni ABŞ həmişə-bütün vaxtlarda Azərbaycanı dəstəkləyib”.