Psixoloq həkimi təqdir etdi: “Qanlı foto və videoları yaymayın!” – Panik-atak yaradır ! 

“Belə kadrlar panik-atak, somativ depressiya kimi psixoloji pozuntulara səbəb ola bilər”



Həkim-pediatr Vaqif Qarayev özünün “Facebook” hesabında olduqca mühüm bir paylaşım edib. O cərrahi əməliyyat zamanı videoların çəkilib sosial şəbəkələrdə yayılmasına etiraz edib. Həkimin statusunu olduğu kimi təqdim edirik: 

“Peşəkarlığına hörmət etdiyim xanım jurnalist bir dəfə məndən soruşmuşdu ki, cərrahların "qanlı" əməliyyatdan canlı yayım etməsi düzgündürmü? “Yox” dedim, düzgün deyil! Yenə də o fikrimdə qalıram. Həkim qruplarında paylaşmaq olar, pis heç nə yoxdur, amma müxtəlif psixi duruma malik tibbdən uzaq insanlar qan görməsələr yaxşıdır.

Ağır avtoqəzadan sonra iki-üç nəfər gəncin paralanmış meyitini çəkib paylaşmışdılar burda. Onda da etiraz etdim. “İnsan psixikası dözməz bu mənzərəyə” dedim. Hələ doğmaları heç dözməz! Özündən müştəbeh bir xanım etiraz etdi ki, paylaşmaq mütləq lazımdı, hamıya görk olsun deyə. Ahh, qadın ürəyi. İndi yenə qəza anını paylaşırlar.



Niyə? Nə üçün? Aylardır, insanlar dözülməz psixi gərginlikdə yaşayır. Kömək edə bilmiriksə, psixikasını da məhv etməyək insanların. Canlı paylaşımlarınızdan sonra azalıb ağır avtoqəzalar? Etməyin!”

Doğrudan da, xüsusilə, sosial şəbəkələrdə son vaxtlar qanlı əməliyyatlar zamanı çəkilən foto və videolara rast gəlirik. Bilmirsən, məqsəd nədir? İnsanları əməliyyatlara sövq etməkmi, bu prosesi adiləşdirməkmi, ya nə?! Hər halda heç bir niyyət düşünülməmiş bu addıma haqq qazandıra bilməz.



 Psixoloq Fərqanə Mehmanqızı da qanlı əməliyyatların ictimailəşdirilməsinin əleyhinə olduğunu düşünür. O, bu barədə “Sherg.az”a danışıb: 

“Əslində sözügedən məsələ bir az mübahisəli mövzudur. Yəni adamın özündən, onun fərdi keyfiyyətlərindən asılıdır. Eləsi var ki, qan, açıq yara görməkdən təsirlənmir. Bəziləri isə huşunu itirir, özündən gedir.

Ona görə də yaxşısı budur, açıq yaraları, qanlı foto və videoları yaymayaq. Belə kadrlar panik-atak, somativ depressiya kimi psixoloji pozuntulara səbəb ola bilər”.