SOS ! - Qızları erkən nikaha məcbur etməyin ! - Qurbana çevrilirlər !

“Övladlarını erkən nikaha məcbur edən valideynlər birmənalı olaraq məsuliyyət daşıyır” 

“Erkən nikahlar qanunvericilikdə əksini tapsın və valideynlər məsuliyyətə cəlb olunsun”

Sonra qız ortada qalır, nə valideynləri qəbul edir, nə də qaynana-qaynata”

“Nəticədə o qız insan alverinin qurbanına çevrilə bilir. Belə faktlar çoxdur”



“Qız yükü duz yükü”, “Tez evlənənlə tez yuxudan duran qazanar” kimi məşhur deyimlərimiz var. Bu ifadələri əlində bayraq edən valideynlər erkən yaşda övladını nikaha məcbur edib özlərini valideynlik borcundan çıxmış sayırlar. Həm tibbi, həm hüquqi baxımdan yolverilməz sayılsa da, erkən nikahlar günümüzdə “acı” reallıqıdır. İntihar və ölümlər, boşanma və şiddətlə nəticələnən reallıqlar...

Qızlarının təhsil almasını “yük” olaraq  görən ana-atalar doğru yolda olduqlarını düşünürlər. Məhz buna görə də evdən qaçan, intihar edən qızlar var. Oxşar hadisə ötənlərdə iki azyaşlı qızın başına gəlib. 14 yaşlı qızın 27 yaşlı gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılacağına dair məlumatlar yayıldı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi işə müdaxilə etdi. Onun ailəsi ilə görüşdü. Ailə hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib.

Ailəsinin təzyiqlərindən qaçan daha bir qız da sığınacağa üz tutub. Məlumata görə, ailədaxili konfliktlər ötən il qızın imtahanlardan az bal toplaması və ödənişli əsaslarla ali məktəbə daxil olması səbəbindən yaranıb. Atası pulunun olmadığını bildirib. Qız da ailəsindən küsüb. Lakin ailəsi tərəfindən erkən nikaha məcbur edilən qız evdən qaçıb. 

Övladını zorla nikaha məcbur edən valideynlər barədə hansı "ölçü”götürülməlidir ki, bu hal başqalarına da dərs olsun? 



“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva “Sherg.az”a açıqlamasında bildirib ki, övladlarını erkən nikaha məcbur edən valideynlər birmənalı olaraq məsuliyyət daşıyır. Erkən nikahların ağır fəsadlara yol açdığını deyən birlik sədri ailə quran qızların rəsmi nikahı olmadığı üçün müxtəlif problemlərlə üzləşdiyini də diqqətə çatdırıb:

“Uşaq doğulduqdan sonra müəyyən sənədlərin alınması mümkün olmur. Bəzən boşanma halları da qeydə alınır. 27 yaşlı oğlan 14 yaşlı qızdan 13 yaş böyükdür. Bəlkə də oğlanın artıq ailəsi var. Qızlar azyaşlı olduqları üçün nikaha girmirlər, beləliklə qanundan kənar hadisələr baş verir”.

M.Abdullayevanın sözlərinə görə, hər zaman cəmiyyətimizdə erkən və məcburi nikahlar olub:

“Tez-tez çağırışlar etmişik ki, erkən nikahlar qanunvericilikdə əksini tapsın və valideynlər məsuliyyətə cəlb olunsun. İllərdir, bu problemlə məşğul oluruq. Maarfiləndirmə işləri aparırıq ki, qızlarımızı erkən nikaha məcbur etməsinlər.

Qızlar təhsil almalıdır, nikah yaşına çatmadan ərə getməməlidir. Gələcəkdə çətin proseslərdən keçmək üçün müəyyən yaşa dolmalıdır. Ona görə də erkən nikahlar birmənalı olaraq qanun pozuntusudur. Valideynlər tərəfindən qızın gələcək yaşam tərzinə qarşı təzyiqdir”. 

Birlik sədri qeyd edib ki, çox vaxt valideynlər məsələdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirirlər:

“Hər zaman erkən nikahlarla bağlı görüş və tədbirlər həyata keçirir, konfranslar təşkil edirik.  Cəmiyyətimiz anlamalıdır ki, azyaşlı qızları və ya oğlanları evləndirmək düzgün deyil. Bəzən 18 yaşı tamam olmamış oğlanları da evləndirirlər. 

Milli Məclisə də təklif etmişdik ki, erkən nikaha qarşı qanun qəbul olunsun. Bu işdə “əl”i olanlar birmənalı olaraq məsuliyyətə cəlb olunmalıdır. Ata-anadan başqa qızla evlənən şəxs də cəzalanmalıdır. Erkən nikah həm tibbi, həm hüquqi cəhətdən gələcəkdə böyük fəsadlara yol açır”.

M.Abdullayeva vurğulayıb ki, erkən nikaha zorlanan qızlar dünyaya uşaq gətirdikdən sonra vəziyyət daha da çətinləşir:

“Bəzən oğlanın birinci ailəsi olur. Bir çox hallarda qızı  valideynlərinin yanında qoyub Rusiyaya gedir. Beləliklə həmin qız ortalıqda qalır. Nə valideynləri qəbul edir, nə də qaynana-qaynata sahib çıxır. Əksər hallarda belədir.

Ona görə də erkən nikahlar gələcəkdə mütləq pis hallara yol açır. Uşaqla tək qalan qızın təhsili, savadı, işi yoxdur. Nəticədə insan alverinin qurbanına çevrilə bilir. Belə faktlar çoxdur. Təəssüf ki, erkən nikahların qarşısı alınmır. Bu baxımdan hesab edirəm ki, övladını məcbur edən valideyn qanunvericiliklə məsuliyyət daşımalıdır”.