Mesaj verildi: “Bir çox ölkədə pandemiyanın ikinci dalğası gözlənilir” 

“Eyni halın ölkəmizdə yaşanmaması üçün həm özümüzü, həm ətrafımızı qorumağımız vacibdir”


Bəzi ölkələrdə karantin rejimində yenidən sərtləşmə müşahidə edilir. Ölkəmizdə karantin qaydaları yumşaldıldı. Çimərliklər müəyyən şərtlərlə vətəndaşların üzünə açıldı, müəyyən obyektlər, satış mərkəzlərinin də fəaliyyətinə icazə verildi. Lakin bəzi ölkələrdə virsun ikinci dalğası gözlənilir. Ona görə də vətəndaşların maksimum diqqətli və məsuliyyətli olması vacibdir.

Təəssüf ki, son günlər ölkəmizdə virusa yoluxanların sayı yenidən artıb. Sosial izolyasiya qaydalarına riayət etməmək karantin rejiminin yenidən sərtləşməsinə səbəb ola bilər. Bir çox xarici ölkələrdə virusun  ikinci dalğasının başlama ehtimalı sosial məsuliyyətimizi bir daha ortaya qoyur.

Millət vəkili Mahir Abbaszadə “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirusla mübarizə bütün ölkələrdə davam edir. Ona görə vətəndaşların məsuliyyətsizliyi təhlükələrə səbəb ola bilər:

“Dövlətimizin bu günə qədər gördüyü bütün tədbirlər yüksək qiymətləndirilməlidir. Çünki cənab Prezidentin əsas məqsədi əhalinin sağlamlığıdır. Pandemiya bütün ölkələrdə var. Vətəndaşların səbrli olması lazımdır.

Yoluxma sayının artmaması üçün tələb olunan qaydalara əməl etmək vacib şərtdir. Effektiv nəticələr əldə edib virusa qalib gəlmək istəyiriksə, məsuliyyətli olmalıyıq.

Artıq bir çox ölkələrdə pandemiyanın ikinci dalğası gözlənilir. Eyni halın ölkəmizdə yaşanmaması üçün həm özümüzü, həm ətrafımızı qorumağımız vacibdir”.