Avqust ayı heç özünə oxşamadı

Belə hava şəraitində xəstə adamların infarkt keçirmə riski yüksək olur


Ötən illərdən fərqli olaraq, bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız bir dəfə qeydə alınıb. Ayın əvvəlindən bugünədək orta temperatur beş gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Avqustdakı dəyişkən hava şəraitinin xəstə insanlara mənfi təsir etdiyini vurğulayan həkim-terapevt Günel Seyidli “Şərq”ə açıqlamasında bildirib ki, belə hava şəraiti insanlarda virus infeksiyalarının və digər soyuqdəymə xəstəliklərinin artmasına gətirib çıxarır: “Hava dəyişkənliyi tam sağlam olanlara neqativ təsir göstərmir.

Lakin müəyyən qrupa daxil olan insanlar, yəni uşaqlar, soyuqdəyməyə meyilli olanlar, hamilə qadınlar və yaşlı insanlarda bu uyğunlaşma tam formalaşmadığı üçün bu cür havaları digərlərinə nisbətən narahat keçirirlər. Həmin insanlar adekvat olaraq həm geyimlərinə, həm də davranışlarına diqqət yetirməlidirlər”.

Həkim iqlim normasına uyğun olmayan hava şəraitinin xüsusən ürək-damar sistemi xəstəlikləri olan şəxslərə mənfi təsirinin daha çox olduğunu bildirib:

“İstənilən halda yaxşı hava, yaxşı da əhval-ruhiyyə yaradır. Pis hava təbii ki, hamıya, xüsusilə də metohəssas insanlara mənfi təsir edir. Havaların avqust ayına xas olmayan formada keçməsi infarkt riskini artırır. Çünki dəyişkən havalar ürək əzələsini zədələyə bilir, nəticədə onun sıradan çıxmasına şərait yaradır”.