Bütün dünya əziyyət çəkir

Sosial şəbəkələrin yaratdığı problemlər çox dərindir

Orta və ali təhsil müəssisələrində media dərslərin keçirilməsi feyk xəbər axınının qarşısını almayacaq

(Əvvəli ötən sayımızda) 

Sosial şəbəkələrin informasiya daşıyıcılığında önə keçdiyi indiki mərhələdə feyk xəbər axını getdikcə güclənməkdə, dövlətlərin, insanların həyatına sürətlə daxil olmaqdadır. Müasir dünyamızda sıravi insanlardan tutmuş, dövlət rəhbərlərinə qədər - çox geniş təbəqələr yalan xəbərlərdən əziyyət çəkməkdədir. Beynəlxalq media klublarının monitorinqi göstərir ki, bu gün inkişaf etmiş ölkələrdə sosial şəbəkələr üzərindən yayılan yalan xəbərlərin həcmi ümumi xəbərlərin 40 faizinə, inkişaf etməkdə olan ölkələrdə isə 60 faizə bərabərdir. Yəni Avropa və ABŞ-da sosial şəbəkələr üzərindən yayılan məlumatların 40 faizi reallığı əks etdirmir.

Yalan xəbərlə mübarizə hazırda bütün beynəlxalq təşkilatların gündəmindədir. İndiyədək elə bir model tapılmayıb ki, onu tətbiq etməklə yalan xəbərlərin yayılmasının qarşısı əhəmiyyətli şəkildə alına bilsin. Son illərdə müxtəlif internet platformaları tərəfindən yalan informasiyaların yayılmasının qarşısının alınması üçün çoxsaylı tədbirlərə əl atılıb. Proses 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra daha aktiv xarakter alıb. “Facebook”, “Google” kimi nəhəng istifadəçi ordusu olan platformalar indinin özündə də yalan məlumatların yayılmasına qarşı mübarizə məqsədilə yeni-yeni proqramlar tətbiq etməkdədir. Lakin bu addımların effektiv nəticə verdiyini söyləmək mümkün deyil. Şəbəkə istifadəçiləri saxta xəbərləri yaymaq üçün hər dəfə yeni üsullardan istifadə edirlər. 

Azərbaycanda da feyknyusla mübarizədə müxtəlif metodlar təklif olunmaqdadır. “APA” Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı yalan informasiyalarla bağlı maraqlı təklif səsləndirib. Media rəhbəri bildirib ki, təhsil proqramlarına sosial media, internet və sosial media davranışları barədə dərslər daxil etmək lazımdır. Onun sözlərinə görə, bəlkə ayrıca bir dərsə ehtiyac yoxdur. Amma hansısa uyğun fənlərin daxilində tədris həyata keçirilməlidir. Ümumi anlayışlar öyrədilməli, sosial media davranışları aşılanmalıdır:

“Özümdən icad eləmirəm, artıq Avropa təhsil sistemi, Kembric və Oksford sistemli tədris həyata keçirən məktəblər bunu edir. Bu nəyə lazımdı? Birini yazım, o biriləri özləri araşdırsınlar. Məsələn, bu anlayışları fərqləndirən adam xəbəri oxuduğu hər mənbəyə inanmır. Anlayır ki, “youtube”, “facebook”, “instagram”, vikipediyada oxuduğu, izlədiyi hər məlumat doğru deyil. Məlumatı rəsmi mənbədən öyrənməyə çalışır, internet araşdırmasını öyrənir. Hər sayta, hər ekspertə inanmır. “Məlumat doğru deyil” deyəndə “youtube”də eşitdim”, “facebookda yazmışdılar” deyib, israr eləmir. Hər “fake” sayta, xəbərə inanmır. Nəticə? Nəticə də o olur ki, bu cür cəmiyyətləri feyk xəbərlə hər dəqiqə silkələmək olmur, şayiə mexanizmi çox az işləyir, hər bərk qışqıranın çox laykı olmur və o, şəbəkə fenomeninə çevrilə bilmir. Yenə hər şey gəldi çıxdı təhsilə”. Vaxtı ilə Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi də buna bənzər təklif irəli sürmüşdü. Giboi bildirmişdi ki, yalan informasiya aldadıcı, müəyyən maraqlara xidmət üçün istifadə olunur. Yalan xəbərlərin qarşısını almaq üçün məlumatın açıqlığından istifadə etmək, auditoriyaya feyk xəbəri ayırd etməyin yollarını öyrətmək lazımdır”.

Təklifi “Şərq”ə dəyərləndirən “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, maraqlı və üzərində düşünülməli təklifdir. Baş redaktorun fikrincə, bunu media dərsləri yox, sosial məsuliyyət dərsləri də adlandırmaq olar:

“Orta məktəblərdə “Həyat bilgisi”, “İnformatika” dəsrləri  kimi təhsil proqramlarına sosial media, internet və sosial media davranışları barədə dərslər daxil etmək olar. Sosial məsuliyyət sosial mədəniyyətdən irəli gəlir. Bu mədəniyyətin formalaşması isə ailədən başlamaqla, təhsilin müxtəlif pillələrində davam edir. Bu baxımdan, ilkin mərhələdə valideynin üzərinə düşən məsuliyyət var. Sosial şəbəkələrdə məsuliyyət günümüzün aktual, bir qədər də dəqiq ifadə etsək, ağrılı məsələsi halına gəlib. Kommunikasiya texnologiyalarının verdiyi imkanlar istifadəçilər arasında fərq qoymadığından biz hüdudsuz “informasiya istehsalı”nın axını ilə üz-üzəyik. Burada artıq professionallıq, peşəkarlıq, mənəvi məsuliyyət, bir çox hallarda hüquqi məsuliyyət də arxa plana keçir. Əlbəttə, burada ictimai qınaq vacibdir. Lakin bu gün bir sıra nümunələrdə görürük ki, yalnız ictimai qınaq təsirli olmur. Qanunvericilikdə inzibati və hüquqi məsuliyyətlə bağlı müəyyən əlavələr və düzəlişlər olub. Cəzalar tətbiq edilib, mövcud cəzalar sərtləşdirilib. Amma baxsaq, görərik ki, sosial şəbəkələrdə, başqa internet resurslarında davranış, etik qaydalarını pozanlara qarşı cəza tədbirlərinin tətbiqi çox azdır. Bunları nəzərə alaraq, hüquqi məsuliyyətlə yanaşı, mənəvi məsuliyyətin insanlarda formalaşdırılması üçün təhsilin müxtəlif mərhələlərində, o cümlədən, ali məktəblərdə bilgiləndirmə dərslərinin keçirilməsi effektiv nəticələr verə bilər”.

“Moderator.az” saytının əməkdaşı, araşdırmaçı-jurnalist Seymur Əliyev də “Şərq”ə deyib ki, orta və ali məktəblərdə sosial şəbəkələrlə davranış qaydalarının öyrədilməsi bir çox baxımdan faydalı olar. Çünki bu günə qədər baş verən bir sıra olaylar sübut edir ki, bəzən insanlar sosial mediadan düzgün şəkildə istifadə edə bilmir, nəticədə həm özləri, həm də digərləri üçün arzuedilməz situasiya yaranır:

“Bu səbəbdən gənclərin sosial şəbəkələrdəki risk və təhlükələrlə bağlı məlumatlandırılması, sosial medianın məsuliyyətini dərk etməsi olduqca vacibdir. Əgər təhsil müəssisələrində bu barədə məlumatlandırma aparılarsa, o zaman gənclər başa düşər ki, sosial şəbəkələrdə qarşılarına çıxan istənilən məlumata ehtiyatla yanaşmaq lazımdır. Bu məlumatların nə dərəcədə legitim olduğuna diqqət yetirməlidirlər. Unutmayaq ki, yalnız rəsmi, etibarlılığı şübhə doğurmayan mənbələrə inanmaq olar. Əks halda, onlar sosial mediadakı yanlış məlumatlara inanmaqla yanaşı, həm də bu məlumatların təbliğatçısına çevrilə, istəmədikləri halda bu yalanın yayılmasında iştirakçı ola bilərlər. Bu səbəbdən orta və ali məktəblərdə gənclərlə bağlı bilgiləndirmə işinin aparılması faydalıdır”. 

Jurnalist vurğulayıb ki, bütün dünyada ünsiyyət, əlaqələndirmə və məlumatlandırma baxımından əvəzsiz vasitəyə çevrilən sosial şəbəkələrdən narkotacirlər, terror qrupları, müxtəlif təxribatçı və separatçı dairələrin nümayəndələri də istifadə edirlər:

“Sosial şəbəkələrdə müxtəlif adlar altında aktiv iş aparırlar. Bu günlərdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov da azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxlu erməninin olduğunu, onların sosial şəbəkələr vasitəsi ilə gənclər arasında iş aparmaq, onlarda vətəninə, dövlətinə qarşı mənfi rəy formalaşdırmağa çalışdığını vurğuladı. Müdafiə nazirinin məlum bəyanatı da göstərir ki, düşmən həm də sosial şəbəkələrdə öz təxribatçılıq fəaliyyətini davam etdirir və onların əsas hədəfi məhz gənclərdir. Odur ki, gənclərin sosial şəbəkələr, onların mahiyyəti, müsbət və mənfi cəhətləri, ehtiva etdiyi risk və təhlükələr haqqında məlumatlandırılması, həm də düşmən təxribatının qarşısının alınması, bu təxribatlara qarşı hazırlıqlı sosial bazanın yaradılması baxımından arzuedilən olar”. 

“Milli.az” saytının baş redaktoru Anar İmanov bildirib ki, “feyk” xəbərlərlə mübarizəni əsasən jurnalistlər aparmalıdır. Baş redaktorun sözlərinə görə, media nümayəndələri onlayn şəkildə əldə edilən və yazılarında istifadə edilən hər məlumatı dəqiq yoxlamalıdır:

“Ölkəmizdə və bütün dünyada olan məlumatlar yalnız ciddi KİV-lərdən götürülməlidir. Bir günlük, beş günlük yaradılan və İP yarışında hər imkandan istifadə edən, ucuz yalanlarla auditoriya toplamağa çalışan qeyri-ciddi resurslardan birmənalı şəkildə imtina olunmalıdır. “Feyk” şəkillərlə mübarizədə internet kömək edə bilər, təcrübəli istifadəçi bir neçə saniyə ərzində real şəkillərin mənbəyini tapır. Dezinformasiya ilə mübarizədə KİV-lərə auditoriya və oxucularla işləmək lazımdır. Onları “feyk” xəbərlər haqqında bilgiləndirməliyik. Sadə misallarla izah etməliyik ki, hər kəs dəqiq informasiyanı “feyk”lərdən ayıra bilsin. Ümumi formada yalan xəbərlərlə bağlı şagirdləri, tələbələri hər hansı formada bilgiləndirmək çox yaxşı olardı. İnsanlarımız orta məktəb illərindən həqiqəti yalandan ayırd etməyi bacarmalıdır. Bəlkə də ilkin mərhələdə media savadlılığı ilə bağlı əlavə fənnə ehtiyac yoxdur, amma bu və ya digər formada gənc nəsil dezinformasiya haqda mütləq bilgiləndirilməlidir”. 

“Pia.az” saytının baş redaktoru Azər Qaramanlı da hesab edir ki, “APA” Media Qrupun rəhbəri Vüsalə Mahirqızının təklifi özü-özlüyündə müəyyən maraq kəsb edir. Ancaq orta və ali təhsil müəssisələrində media dərslərinin keçirilməsinin feyk xəbər problemini həll edə biləcəyi inandırıcı görünmür:
“Əslində bu, qlobal problemdir və bütün dünya hazırda sosial şəbəkələrin yaratdığı ictimai problemin cəngindədir. Lakin feyk xəbər çox zaman siyasi və ictimai xarakterli olduğu üçün bunun tədrislə qarşısının alınmasını imkansız hesab edirəm. Çünki problem siyasi və ictimai maraqlara dayandığı üçün feyk xəbərlər siyasi və ictimai münasibətlər və bu münasibətlərdən doğan mənafelər üzərində formalaşır. Bu, ümumiyyətlə sosial şəbəkənin insanlara verdiyi imkandır və inanmıram ki, insanlar bu imkanları dəyərləndirməkdən imtina etsinlər. Amma burada insanların mədəni və intellektual səviyyəsi önəmli rol oynayır. O səbəbdən məktəblərdə bu tipli tədrislərin olması yararlı ola bilər və bu müstəvidə Vüsalə xanımla razıyam. Ancaq dediyim kimi, hesab etmirəm ki, məktəblərdə tədris yolu ilə bu problemi birdəfəlik həll etmək mümkün olsun”.