Ermənistanın dərdi var, ağır xəstədir

"Dağlıq Qarabağdakı rejimin heç bir gücü, resursu yoxdur"


Tovuz istiqamətində törətdiyi hərbi təxribatlarda uğursuzluğa düçar olan Ermənistan tərəfi digər müstəvilərdə də çirkin niyyətlərini davam etdirməyə çalışır. Son günlər Ermənistandan yeni işğal çağırışları və təxribat xarakterli bəyanatlar səsləndirilir. Sərsəm bəyanatlardan biri Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyan tərəfindən gündəmə gətirilib.

Separatçı lider deyib ki, əgər Azərbaycan tərəfinin Xankəndini vurma ehtimali olarsa, buna qarşı Gəncədə hərbi əməliyyat keçirmələri, hətta şəhəri vurma ehtimalları mümkündür. Siyasi şərhçilərin fikrincə, bu cür boğazdan yuxarı iddialar göstərir ki, erməni “rəhbərlər” torpaqların hərbi yolla geri qaytarılması ehtimalından xoflanıblar.

Həm də hava hücumundan müdafiə sistemimiz maddi-texniki və kadr potensialı baxımından kifayət qədər müasir və ən güclülərdəndir. Düzdür, hazırda beynəlxalq hüquq müstəvisində çox vaxt ədalətsizliyin şahidi oluruq, amma bu o demək deyil ki, həmin ədalətsizlik ermənilərin daha da həyasızlaşmasına zəmin yaradar. Erməni “rəhbərləri” gözəl anlayırlar ki, Azərbaycan işğal faktoru ilə barışmayacaq və öz ərazilərini ordusunun gücünə azad edəcək. 

Düşmən tərəfin təxribatını “Şərq”ə şərh edən millət vəkili Aydın Mirzəzadə deyib ki, ermənilər nəinki bizim şəhərləri vurmağa qadirdir, ümumiyyətlə, Azərbaycan ordusunun gücünə tab gətirmək iqtidarında deyillər:

“Vaxtaşırı belə provakasiya xarakterli bəyanatlar vermək daxili auditoriyaya hesablanıb. Həm işğal edilmiş zonada, həm də Ermənistanda cəmiyyət idarəçilərdən narazıdır. Ermənistan ağır vəziyyətdədir, işğal edilmiş zonada yaşayan ermənilər təcavüzkar rejimin əsarəti altında yaşamağa məcburdur. İndiki halda ermənilər bu cür sərsəm ifadələrlə “güc sahibi” olduqlarını göstərməyə çalışırlar. Məlumdur ki, Ermənistanın indiki hökuməti SOROS fondunun pulu ilə hakimiyyətə gəlib. Elə indi də xaricdən idarə olunurlar və verilən pulların hesabatını istəyirlər. Görünür, ermənilər regionda gərginlik yaratmaq, müəyyən mənada Azərbaycana təzyiq göstərmək tapşırığı alıblar”.

Parlament üzvünün sözlərinə görə, bu cür boş bəyanatlar gülüncdür:

“Dağlıq Qarabağdakı rejimin heç bir gücü, resursu yoxdur. Azərbaycan kifayət qədər geniş imkanlara malikdir ki, qısa zamanda düşmənin hər təxribatına 10 qat artıq cavab versin. Düşmən Tovuz döyüşlərində təxribata əl ataraq Azərbaycandan dünya bazarına çıxan neft-qaz kəmərlərini müvəqqəti sıradan çıxarmaq məqsədi güdürdü. Amma çox ağır şəkildə cavablarını aldılar və geri çəkildilər.

Ermənistanın işğal etdiyi torpaqlarımızda qurulan oyuncaq rejim absurd iddialarını bundan sonra da səsləndirəcək. Lakin ermənilər 2016-cı ilin aprel döyüşləri və Tovuz hadisələri zamanı verilən dərsləri unutmamalıdır. Azərbaycan heç bir zaman suveren hüquqlarının pozulmasına, torpaqlarının uzun müddət işğalda qalmasına razılıq verməyəcək”.