"Nazir bəzi həqiqətləri Rusiyanın diqqətinə çatdıracaq"

Tofiq Abbasov: "Məncə, Rusiyanın ali rəhbərliyi Azərbaycanın narahatlığını anlayır"

Avqustun 26-da Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, nazir C.Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunacaq.

Zaxarova Lavrovun dəvəti ilə Moskvaya rəsmi səfər edəcək C.Bayramovun Nazirlər Kabinetində və Federal Məclisdə görüşlərinin planlaşdırıldığını da vurğulayıb. 



Azərbaycan XİN başçısının Rusiyaya planlaşdırılan səfərini “Şərq”ə təhlil edən politoloq Tofiq Abbasov deyib ki, Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə və daha sonra Rusiyaya səfəri ondan xəbər verir ki, ölkəmiz bölgə siyasətinə böyük önəm verir. Analitik vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə yeni nazirimiz qonşu ölkələrə tanışlıq səfərləri təşkil edir:

“Xarici siyasətimizin prioritetlərindən biri həmsərhəd dövlətlərlə əməkdaşlığı inkişaf etdirməkdir. Türkiyə bizim əsas strateji tərəfdaşımızdır. Rusiya isə vacib qonşumuzdur. Tovuz təxribatından sonra Rusiyadan Ermənistana silah-sursat daşınması məsələsinə rəsmi Bakı çox sərt reaksiya verdi.

Şimal qonşumuzun diqqətinə çatdırdıq ki, onun bu şəkildə fəaliyyəti işğalçı dövlətə dəstək göstərmək xarakteri daşıyır. Ceyhun Bayramov Rusiyada aparacağı müzakirələr fonunda bu həqiqətləri həmkarının diqqətinə çatdıracaq”. 

T.Abbasovun fikrincə, əgər bölgədə nataraz siyasət yeridən işğalçı bir ölkə varsa, ona dəstək vermək, qızışdırmaq yox, əksinə, başa salmaq, ağıllandırmaq lazımdır:

“Məncə, Rusiyanın ali rəhbərliyi Azərbaycanın narahatlığını anlayır. Çünki rəsmi Bakının mövqeyi, davranışı, siyasi xətti son dərəcə sağlamdır. Azərbaycan-Rusiya münasibətləri regionda vacib, işlək amilə çevrilib.

Bir halda ki, biz Rusiya ilə sıx əməkdaşlıq edirik, liderlər arasında etimad var, niyə Moskvanın hərbi-siyasi dairələri Ermənistana dəstək verməlidir? Kimin hansı tərəfdə olması və əsl niyyəti hamıya bəllidir”.