Qadınların törətdiyi cinayətlərin sayı da artıb

Zərif cinsin nümayəndələri əsasən narkotik maddə satışında fəallaşıblar


2019-2020-ci illər ərzində qadınlar tərəfindən və qadınlara qarşı törədilən cinayətlərin statistikası məlum olub.  Baş Prokurorluğun “İnstagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilir  ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır. “2020-ci ilin birinci yarımilində qadınlar tərəfindən 463, 2019-cu ildə isə 1039 cinayət törədilib. 2020-ci ilin birinci yarımilində qadınlara qarşı 1291, 2019-cu ildə isə 3091 cinayət törədilməsi baş verib”, - deyə Baş Prokurorluqdan bildirilib.



“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qadınların törətdiyi və qadınlara qarşı törədilən cinayətləri təsnif edərkən bildirdi ki, nə qədər təəccüblü görünsə də pandemiya dövrü cinayətlərin xarakterinin dəyişməsinə təsir  göstərir: 

- Pandemiyadan əvvəl beynəlxalq təşkilatlar dünya üzrə  əməyin istismarı hallarının artaraq  cinsi istismarı üstələdiyini bəyan edirdi.  Lakin pandemiya cinayətlərin xarakterində də dəyişiklik etdi. Hazırda cinsi istismar  əməyin istismarını yenə üstələyir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun açıqladığı statistikaya gəlincə, qadınlar tərəfindən törədilən cinayətlərin növləri müxtəlifdir.  Bizim təşkilatın  apardığı monitorinqlərə əsasən ilk üçlüyə insan alveri, dələduzluq və narkotik maddə satışını daxil etmək olar.

Ağır cinayətlər sırasında əsas bu 3 cinayət növü, həmçinin, məişət zorakılığı zəminində qadının həyat yoldaşını, yaxud partnyorunu öldürməsi halları, qəsdən adamöldürmə cinayətləri var. 

Məsələn, hazırda bizim sığınacağa yerləşdirilmiş bir uşağın anası partnyorunu bıçaqlamaq üstündə istintaqa cəlb olunub. Dələduzluq deyiləndə isə, elə bilməyin ki, həmin qadınlar hansısa böyük maliyyə maxinasiyalarında iştirak edir, kimisə aldadır və sairə. Belə halların əksəriyyəti qadının kimdənsə borc alması və borcunu ödəyə bilməməsi ilə bağlıdır. Bir var, insan naturaca dələduz olsun, bir də var, istəmədən, özündən asılı olmayan səbəblərdən dələduzluq etmiş olsun. 

Qadınların narkotik maddə satışında iştirakı da son zamanlar artıb. Sosial şəbəkə üzərindən narkotik reklamlarından yəqin siz də məlumatlısınız. Bir gənc xanım, əməlindən peşman olub ictimaiyyət qarşısında üzr istədi. Yaxşı haldır ki, Daxili İşlər Nazirliyi tərəfindən bu kimi hallar izlənir, şəxslər  müəyyənləşdirir və onlar qısa zamanda məsuliyyətə cəlb olunurlar.

Təhlükəli tendensiya budur ki, narkotik alverçiləri, başqalarını buna təhrik etmək istəyənlər məkan olaraq virtual aləmi seçir. Müasir texnologiyalardan istifadə edərək qurbanları cəlb edirlər. Təəssüf ki, müasir texnologiyaların belə mənfi və təhlükəli tərəfləri də var. O cümlədən insan alverçiləri də virtual aləmə transfer olunublar artıq. Sosial şəbəkə üzərindən çirkli bizneslərini qurur, yeni qurbanlar əldə etməyə çalışırlar.

İnsanlar məlumatsızlıqdan tanımadıqları adamların toruna düşürlər. Bu məsələdə görüləcək əsas iş  maarifləndirmənin metodlarını dəyişmək olmalıdır. Birbaş hədəf qruplarına yönəlik  iş aparılmalıdır. Fikrimcə, burada televiziyaların imkanlarından geniş istifadə edilməlidir.

Mən bir neçə proqramda qonaq olarkən bu məsələni qaldırmışam, təklif etmişəm ki, proqram yayımlandığı zaman qadınların, zorakılığa, hansısa şantaja məruz qalanlar üçün zəng edib yardım istəyə biləcəkləri təşkilatların əlaqə nömrələri bildirilsin, ekranda göstərilsin.

İllər əvvəl insanlarımız 102 nömrəsini heç bilmirdi, polisə zəng etməkdən çəkinirdi. Amma lazımi maarifləndirmə işləri aparıldıqca vətəndaşlar 102 xidmətinə inandılar. İndi birinin problemi yaranan kimi 102-yə zəng edir.

Eləcə də hüquq müdafiə və qeyri-hökumət təşkilatlarının əlaqə nömrələri əhaliyə çatdırılmalı, mövcud olan “Qaynar xətt"lər barədə məlumat verilməlidir. Ötən dəfə biz 14 yaşlı qızın zorla ərə verilməsi hadisəsindən xəbər tutub polisə məlumat verməsəydik, toy baş tutacaqdı, gənc qızımız iradəsinə zidd evləndiriləcəkdi. İnsanların təşkilatlara, hüquq müdafiəçilərinə, dövlət strukturlarına etibar etməsi çox müsbət haldır.  

M.Zeynalova məişət zorakılığı zəminində baş verən cinayətlərin motivinin kifayət qədər araşdırılmadığını bildirdi:  

- Məlum olan budur ki, qadın həyat yoldaşını, yaxud partnyorunu bıçaqlayıb, qətlə yetirib və sair. Bəlkə də o qadın illərlə zorakılığa məruz  qalıb, sonunda dözməyib və belə cinayətə əl atıb. Yəni cinayətə səbəb olan hallar araşdırılmalıdır ki, bu kimi faktların törədilməsinin qarşısı hansısa dərəcədə alınsın.

Qadınlara qarşı törədilən cinayətlər barədə danışan M.Zeynalova burada da məişət zorakılığı, insan alveri, cinsi istismar, fahişəliyə cəlbetmə hallarına daha çox rast gəlindiyini söylədi.