Maskaların hamısı birdəfəlikdir

Çənə altına salmaq, alına qaldırmaq, sonra yenidən istifadə etmək olmaz

Bütün tibbi maskalar birdəfəlikdir, onları təkrarən istifadə etmək doğru deyil. Maskaların dezinfeksiya olunaraq yenidən istifadəsi də  yanlışdır. Lakin  gündəlik həyatımızda fərqli mənzərənin şahidi oluruq. Kimisi cibində, kimisi də qolunda saxladığı maskaları təkrar ağzına taxır. 
Həkimlər bunun yolverilməz olduğunu desə də,  bu  reallığı dəyişmək mümkün deyil.  

Viruslar maskada toplandığı üçün onların təkrar istifadəsini təhlükəli hesab edən həkim Qalib Əsədov da "Şərq"ə açıqlamasında qısaca olaraq  deyib ki, maskanı çənə altına salmaq, alına qaldırmaq, sonra yenidən istifadə etmək olmaz. Nəfəs alırıqsa və bakteriya, viruslarla zəngin hava o maskadan keçirsə, bir müddət sonra artıq  çirkli hesab edilir:

"Maskaları istifadə edəndən sonra cibə, çantaya qoymaq və sonra təkrar istifadə etmək də yanlışdır. Maskaların hamısı birdəfəlikdir, onları təkrar istifadə etmək olmaz. Hətta  maskaları istifadədən sonra dezinfeksiya edib yenidən taxmaq  belə tövsiyə olunmur. 

Maskanı çıxararkən belə maksimum dərəcədə səthinə toxunmaqdan çəkinməliyik. İplərindən tutaraq çıxarmaq və  dərhal qapalı zibil qutusuna atmaq lazımdır. 

Maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır. Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır".