“Qanun qarşısında hər bir vətəndaşın boynu qıldan incədir”

“Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz”


“Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın qaydalara riayət etməsi tələb olunur. Xüsusilə xalq qarşısında məsuliyyət daşıyan şəxslər. Heç kimin dövlətin qanunlarını pozmağa haqqı yoxdur”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı danışarkən millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, qanunverici orqanın təmsilçiləri olaraq deputatlar 6 aya yaxındır ki, seçicilərini karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar:

“Sadə vətəndaşı karantin şərtlərini qəbul etməyə, hərəkət məhdudiyyətlərinə uymağa, işsiz evdə oturmağa səsləyirik. Digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar? Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır. Bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır. İndi isə üzücü mənzərənin şahidi oluruq, vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar". 

Parlament üzvü vurğulayıb ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir:

“Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Şəhər və rayonlarda karantin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimə oluna bilər. Eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Ədalətlilik özünün ən sərt üzü ilə indiki zamanda görünməlidir. Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb. Heç kəs bununla da dövlətə meydan oxuya bilməz. Kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır və böyük səhv edir. Qanun qarşısında vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın boynu qıldan incədir”.

 E.Səlimov qeyd edib ki, hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz:

“Karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə, bu hərkəs üçün ciddi dərs olmalıdır. Toy qadağası davam edir. Baş verənlər, dövlətimiz, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və heçkəsə xüsusi imtiyaz verilmədiyini göstərir. Hərkəs qanun qarşısında bərabər olmalıdır”.