"Toy əhvalatı"na münasibət: “Hər birimiz sadə vətəndaşlara nümunə olmalıyıq"

“Onlar da məhz ölkədəki məmurlara baxıb qaydaları pozmasınlar” 


Avqustun 18-də AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Mərasimdə bəzi vəzifəli şəxslər və məmurlar da olub.
Yayılan foto və videolardan görünür ki, toyda iştirak edən qonaqlar karantin qaydalarına əməl etməyiblər. Ölkəmizdə toy və nişan mərasimlərinin keçirilməsinin qadağan edildiyi bir vaxtda məmurların qaydaları pozması gündəmin əsas mövzusudur.

Baş verənləri “Sherg.az”a şərh edən millət vəkili Cavid Osmanov bildirib ki, ölkəmizdə koronavirusla bağlı təhlükəli vəziyyət yarandığı ilk gündən cənab Prezidentin bu sahədə atdığı addımlar hər kəsə bəllidir. Deputatən sözlərinə görə, ölkə başçısı ilk növbədə vətəndaşların sağlamlığını əsas məqsəd kimi qarşıya qoyub:

“Bütün bunlar hər birimiz tərəfindən yüksək qiymətləndirilir. Operativ Qərargah tərəfindən müvafiq qaydalar tətbiq edilib. Təəssüf ki, ölkədə sayılıb-seçilən ictimai-siyasi xadimlər və məmurlarımız atdığı bütün addımlara fikir verməlidir. Həssas bir dövrdə qaydalara ciddi nəzarət etməliyik. Hər birimiz çalışmalıyıq ki, sadə vətəndaşlara nümunə olaq. Onlar da məhz ölkədəki məmurlara baxıb qaydaları pozmasınlar. 

Bir neçə gün öncə sabiq millət vəkili İlham Əliyevin övladının toy mərasiminin keçirilməsi və karantin qaydalarının pozulması hər birimizdə təəssüf hissi yaradır. Sosial durumundan və tutduğu vəzifədən asılı olmayaraq hər kəs qanunlarımıza əməl etməlidir.

Azərbaycanda qanunlarımızın qarantı da məhz cənab Prezident İlham Əliyevdir. Ona görə bu təəssüfləndirici hadisə hər kəs kimi məni də məyus edib. Ümid edirik ki, daha belə hallar yaşanmaz”.