“Vəzifəsindən asılı olmayaraq hər kəs qaydalara əməl etməlidir”

“Dövlətin bu istiqamətdəki cəza tədbirləri hamı üçün birmənalı və keçərlidir”


Ötənlərdə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Toya aid olan foto və videoların sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb olub. Məclisdə bir sıra məmurlar, millət vəkilləri də iştirak edib. Yayılan videodan görünür ki, ofisiant maska taxsa da, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər.  

Ölkəmizdə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır. Məmurların qaydalara riayət etməməsi isə cəmiyyətimizdə diskriminasiya yaradır. Hər dəfə xalqa çağırış edərək onları məsuliyyətli olmağa səsləyən vəzifəli şəxslərin bu addımı insanlar arasında çaşqınlığa səbəb olur. Vətəndaşlar düşünür ki, məmurlar, deputatlar və digər vəzifəli şəxslər qaydalara riayət etmirsə, deməli belə də olmalıdır. 

Məmurların karantin qaydalarını pozmasına dair fikirlərini "Sherg.az”la bölüşən millət vəkili Müşfiq Məmmədli bildirib ki, koronavirusla mübarizədə tədbirləri çərçivəsində Azərbaycan digər ölkələrdən fərqli olaraq zamanında addım atdı:

“Karantin tədbirlərinin həyata keçirilməsi apardığımız mübarizənin əsas tərkib hissəsidir. Hər bir vətəndaş vəzifəsindən, səlahiyyətindən və tutduğu mövqedən asılı olmayaraq karantin qaydalarına ciddi riayət etməlidir.

Bu tədbirlərə riayət etməsək və örnək addımlar atmasaq,  xalqımız yanlış anlaya və dövlətimizin atdığı addımlara kölgə salar. Ona görə vəzifəsindən asılı olmayaraq hər bir şəxs karantin qaydalarına əməl etməlidir.

Dövlətin bu istiqamətdəki cəza tədbirləri hamı üçün birmənalı və keçərlidir”.