"Qanunları pozan yüksək vəzifəli məmurların  cəzalandırılması pozitivlik yaradacaq” - Natiq Cəfərli

“İstənilən cəmiyyətdə ən ağır məsələlərdən biri orada ədalət sisteminin zədələnməsidir. Belə olan halda cəmiyyətdə müxtəlif neqativ proseslərin yaranması üçün münbit şərait yaranır və insanların qayda-qanunlara olan inamlarını tamamilə sarsıdır”. 

Bu sözləri “Şərq”ə açıqlamasında ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, karantin şəraitində qayda-qanunları kobud şəkildə pozaraq toy mərasimləri təşkil edən keçmiş və indiki yüksək vəzifəli məmurların qanun qarşısında cəzalandırılması dövlətimiz tərəfindən atılan ən düzgün addım idi:

“Yüksək vəzifəli məmurların toy mərasimindən sonra qanunlara qarşı saymazyana verdikləri açıqlamalar cəmiyyətdə kifayət qədər qıcıq yaratdı. Dünənki hadisələr isə az da olsa ədalət sisteminin bərpa olunmasında mühüm rol oynadı”.

N.Cəfərli bildirib ki, əgər dövlət orqanları bu şəkildə prinsipal mövqe tutarsa, o zaman heç kim - həm keçmiş və indiki vəzifələrindən, həm də qohumluq əlaqələrindən bir daha istifadə edə bilməz:
“Hər kəs qanun qarşısında birdir və vəzifəsindən asılı olmayaraq qanunları pozursa cəzalandırılması lazımdır. Dövlət tərəfindən görülən mühüm tədbirlər cəmiyyətdə neqativ abu-havanın yumşalmasına və  ümumiyyətlə, qanunlara olan inamın artmasına səbəb oldu və gələcəkdə də olacaq. Bu addım bir daha hər bir kəsin qanun qarşısında cavab verməsinin mümkünlüyünü göstərdi. Hesab edirəm ki, bu da cəmiyyətdə son hadisələrlə bağlı kifayət qədər pozitivlik yaradacaq”.