"Kimsə düşünürsə ki, dövlətə meydan oxuyur, o sadəcə yanılır" - Böyük səhv ! 

"Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Hüquq mühafizə orqanlarından xahiş edirəm ki, toy mərasimi təşkil edən, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev və qudası cərimələnməlidirlər".
"Sherg.az"ın xəbərinə görə bunu vitse- spiker Adil Əliyev öz Feysbuk hesabında yazıb. O deputat həmkarı Siyavuş Novruzovun bu toyda iştirakına təəssüfləndiyini deyib: 

"Üstəlik, mətbuata verdiyi açıqlamasında iştirakına haqq qazandırıb.
Ölçü götürülməsə insanlar arasında dövlətin yürütdüyü siyasətə qarşı etibarsızlıq, inamsızlıq yaradır. Şəhər və rayonlarda karanatin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimələniblər, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb. 
Heç kəs bununla da dövlətə meydan oxuya bilməz. Əgər, kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır və böyük səhv edir. Bu qanunlar bizə şəhidlərimizin qanı bahasına başa gəlib, bu qanunları pozmaq şəhidlərimizə hörmətsizlik kimi də qiymətləndirirəm. Toy mərasimində çıxış edən Abel Məhərrəmov Ramiz Mehdiyevə təriflər yağdırır. Başa düşməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir. Ən böyük tərif Allaha məxsusdur. Abel Məhərrəmov yaddan çıxarmamalıdır ki, dövlətimizin bütün uğurlarının arxasında Ulu öndərimizin siyasi kursu və cənab Prezidentin qətiyyətli siyasi iradəsi durur".