"Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla azad etməlidir” - Akif Nağı

Bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötür. Təcavüzkar Ermənistanın əzəli torpağımız olan Dağlıq Qarabağdan əlavə 7 ətraf rayonu işğal etməsi, onun əsl məqsədinin güc yolu ilə ərazilərimizi ilhaq etmək olduğunu göstərir.

Mövzu ilə əlaqədar fikirlərini “Şərq”ə bölüşən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, illərlə hansısa dəyişikliklərin baş verəcəyinə və sülh yolu ilə Qarabağ məsələsinin həll ediləcəyinə böyük ümidlər var idi:

“Bu səbəbdən də Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri  yerinə yetirdi və hərbi əməliyyatlara əl atmadı. Amma bu illər ərzində Ermənistan öz barışmaz mövqeyində qaldı və məkrli siyasətini davam etdirdi.  İllərlə dözülən səbr və təcrübə onu göstərir ki, Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla azad etməlidir”.

A.Nağı sosial şəbəkələrdə informasiya müharibəsində gənclərimizin fəallıq nümayiş etdirdiklərini də diqqət çəkib:

“Sevindirci haldır ki, artıq bir çox gənclərimiz müxtəlif xarici dil biliklərinə sahibdirlər. Onlar bütün həqiqətləri və xüsusən də, Ermənistanın əsl simasını xarici dillər vasitəsilə paylaşımlar edərək, sosial şəbəkələrdə yayımlayırlar. Bu onu göstərir ki, gənclərimiz müharibə üçün yüksək əhval ruhiyyədədirlər. Azərbaycan üçün daha bir təsəlliverici amil ondan ibarətdir ki, son illərdə hərbi büdcəmiz Ermənistanın büdcəsindən bir neçə dəfə çox artıb. Bundan istifadə edərək növbəti addımlar atılmalı və torpaqlarımız yalnız müharibə yolu ilə işğaldan azad olunmalıdır”.