Xəstəlik öldürücüdür: Bütün möminlər vəziyyəti  anlayışla və həmrəyliklə qarşılamalıdırlar

“Sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Bunu nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirmədi”. 

Bu sözləri “Şərq”ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, fəlsəfə  doktoru İbrahim Quliyev deyib. 

O qeyd edib ki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə səbəb ola bilər: “Dinimizdə də insan sağlamlığının qorunması üçün müstəsna əhəmiyyət kəsb edən tələblər var: “Uca Allah “Qurani-Kərim”də “Özünüzü öz əlinizlə təhlükəyə atmayın”, Peyğəmbərimiz (s) də “Əgər bir məkanda taun xəstəliyinin olduğunu bilsəniz ora daxil olmayın, əgər xəstəlik olan yerdəsinizsə, oradan kənara çıxmayın” , - deyə buyurmaqla insanların sağlamlığının qorunmasının vacibliyini vurğulayıb. Buna görə də, tövsiyəmiz odur ki, dini mərasimləri qapalı məkanlarda kütləvi şəkildə deyil, fərdi şəkildə hər kəs öz ailəsində, çox insanı bir araya toplamamaq şərti ilə müasir üsullarla, yəni məsələn, mərsiyələr qoyub qulaq asa bilərlər. Habelə, QMİ tabe olan, onun səlahiyyətində olan ruhanilərimiz müxtəlif sosial şəbəkələr vasitəsilə canlı yayım edirlər. Yaxşı olardı ki, vətəndaşlarımız onları dinləsinlər”.  
İndiki şəraitdə həm dinimizin, həm də dövlətimizin qoyduğu qanunlara riayət etməklə qapalı məkanlarda, o cümlədən məscidlərdə toplaşmaq və müxtəlif mərasimlər təşkil etməyin məqsədəuyğun olmadığını vurğuluyan İ.Quliyev qeyd edib ki, bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılamalıdırlar: “ Bu, bir dini məsələ deyil. Bunu inanclı olan hər şəxs başa düşməlidir ki, bu, tibbi məsələdir.  İnsanlar birmənalı şəkildə anlamalıdırlar ki, bu xəstəlik öldürücüdür. Əgər onun yoluxmasına köməklik göstərsələr, buna görə həm Allah yolunda, həm də qanun qarşısında məsuliyyət daşıyacaqlar. Əminik ki, tezliklə COVID-19 virusu aradan qalxacaq və bağlanmış bütün məscidlər inanclı insanların üzünə açılacaq. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür”.
İ. Quliyev spirt məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, etil spirtinin istifadə edilməsinin heç bir günahı yoxdur və həmin spirt pakdır.