Məhərrəm ayında insanların bir yerdə toplaşması yolverilməzdir 

 
"Hər hansı şəxs bilərəkdən özünə və kütləyə zərər vurursa, onların sağlamlığını sual altında qoyursa bu, cinayətdir". 
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat vurğulayıb ki, pandemiya dövründə kütləvi tədbirlərin keçirilməsi, insanların bir yerdə toplaşması yolverilməzdir: 

"Məhərrəm ayı ilə əlaqədar nüfuzlu din alimləri bütün dini təriqətlərin nümayəndələrinə çağırışlar edirlər. Bəyan edirlər ki, koronavirus pandemiyası dövründə dini ayinləri hər kəs öz evində keçirməklə kifayətlənməlidir. Bunu hər kəs anlayışla qarşılamalı və başa düşməlidir. Bu gün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə və çevik şəkildə həyata keçirir. Aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sağlamlığı dayanır".
C.Osmanov qeyd edib ki, dini ayinlərin, dini tədbirlərin kütləvi şəkildə həyata keçirilməsinin qadağan olunması indiki dövrdə təbiidir:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın da verdiyi qərara əsasən koronavirus pandemiyası dövründə heç bir kütləvi tədbir həyata keçirilməməlidir. Buna əhalimiz anlayışla yanaşmalıdır. Bir çox ictimai-siyasi xadimlərimiz də bununla bağlı müxtəlif sosial platformalardan və kütləvi informasiya vasitələri üzərindən çağırışlar edirlər. Xüsusilə də, cümə günləri məscidlərdə kütləvi şəkildə ibadətlərin olmasına, Məhərrəm ayında insanların dini ayinləri birgə keçirməsi hallarına yol verilməməlidir. Bunların hər biri qısa müddət ərzində saxlanılmalıdır. Hər kəs bu məsələlərə anlayışla yanaşaraq koronavirusa qarşı aparılan tədbirlərə öz töhfəsini verə bilər".