Qanun hamı üçündür: Karantin rejimin yumşalmasından heç kəs sui-istifadə edə bilməz 

 Bu günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Toya aid olan foto və videoların sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb olub. Məclisdə bir sıra məmurlar, millət vəkilləri də iştirak edib. Yayılan videodan görünür ki, ofisiant maska taxsa da, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər.
  
Ölkəmizdə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır. Məmurların qaydalara riayət etməməsi isə cəmiyyətimizdə diskriminasiya yaradır. Hər dəfə xalqa çağırış edərək onları məsuliyyətli olmağa səsləyən vəzifəli şəxslərin bu addımı insanlar arasında çaşqınlığa səbəb olur. Vətəndaşlar düşünür ki, məmurlar, deputatlar və digər vəzifəli şəxslər qaydalara riayət etmirsə, deməli belə də olmalıdır. 
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva “Sherg.az”a bildirib ki, karantin rejiminin yumşalmasından heç kəs sui istifadə edə bilməz:



“Bu ağır karantin şəraitinə dözərək, hər kəs özünün və ailəsinin qeydinə qalaraq, qaydalara riayət edir. Hər zaman olduğu kimi, bu dəfə də məmurlar qanun pozuntusuna yol veriblər. Onlar camaatın bir yerə toplaşmasının hamı üçün təhlükə olduğunu bilərək qaydaları pozublar. Pandemiya ilə mübarizə aparırıq ki, bu xəstəlik tez bitsin. Övladlarımızı hər cür bəlalardan qoruyaq ki, pandemiyanı geridən qoyaq. Ona görə də karantin rejimin yumşalmasından heç kəs sui-istifadə edə bilməz. Qanun hamı üçündür”.