Fəlakət siqnalı !- “Su müharibələri ehtimal olunur!” - Qlobal kataklizmlər !

“Elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır” 

“Qlobal istləşmənin sürətini azaltmaq üçün istehsal və atomosferə tullantılarının həcmi azaldılsın”


Qlobal istiləşmə şəraitində Qrenlandiyadakı buz təbəqəsindəki ərimənin qarşısını almaq mümkün deyil. Bu qənaətə ABŞ-ın Ohayo Dövlət Universitetinin alimləri gəliblər. Onların dediyinə görə, Qrenlandiyada qarın yağması əriyən buz hissələrini əvəz edə bilmədiyi üçün kritik məqam yetişib.

Keçən əsrin 80-90-cı illərində Qrenlandiya ildə təxminən 450 milyard ton buz itirirdi, lakin bu itki qar yağması ilə kompensasiya edildi. XXI əsrdə isə Qrenlandiya ildə 500 milyard ton buz itirir və qarın yağması buzun əriməsinin qarşısını ala bilmir.

ABŞ tədqiqatçıları qeyd edir ki, hazırda Qrenlandiyanın buz təbəqəsi sürətlə öz kütləsini itirir. Bu isə qlobal istiləşməyə təkan verən növbəti bəşəri problemdir. 

 

Sözügedən məsələ barədə “Sherg.az”a danışan “Altay” sosial-araşdırmalar mərkəzinin rəhbəri Elçin Bayramlı vəziyyətin kifayət qədər ciddi olduğunu düşünür:

“Nəinki Qrenlandiya, bütün Arktika və Antarktida əriyir. Özü də 20-30 ildir, bu ərimə sürətlənib və buz təbəqələri çox böyük ölçülərdə yoxa çıxıb. Hətta təxminən 10 il qabaq BMT baş katibi Arktikanın əriməsini öz gözləri ilə görmək üçün gəmi ilə şimal qütbünədək getdi. Əvvəllər buz təbəqəsindən yaxınlaşmağın mümkün olmadığı yerlərə adi gəmi ilə rahatca gedib gəldi.

Bu proses qlobal istiləşmənin real təsviridir. Son bir neçə min ildə bircə dərəcə belə istiləşməyən planetimizin orta tempraturu son 1 əsrdə 3 dərəcə artıb ki, bu da faktiki fəlakət siqnalıdır. Antarktidada tarixdə ilk dəfə 20 dərəcədən yuxarı tempratur qeydə alınıb. Son elmi məlumatlar ərimənin ehtimal olunandan 100 dəfə daha sürətlə getdiyini göstərdi. Təkcə kiçik Qrenlandiyanın əriməsi dəniz səviyyəsini 7 metr
qaldıracaq, bu özlüyündə böyük fəlakətdir, bunun üzərinə Arktika və Antarktidanın da əriməsini əlavə etsək, əlavə şərhə ehtiyac qalmır.



Daha açıq desək, bunlar nəhəng qlobal kataklizmlərin başlayacağını göstərən əlamətdir. Dağlarda buzlaqların əriməsi isə tezliklə qlobal içməli su böhranı yaradacaq və hətta su müharibələrinin baş verəcəyi ehtimal olunur. Konkret olaraq bu proses antropogen təsirlərin, yəni birbaşa insan fəaliyyətinin nəticəsidir. Baxmayaraq ki, iri sənaye oliqarxlarının oyuncaq alimləri diqqəti problemin əsas səbəbindən yayındırmaq üçün bəşəriyyətə nağıl danışırlar. Guya ki, bu vəziyyət Günəşdə gedən hansısa proseslər, nə bilim, kosmosda baş verən hansı proseslərin təsiri ilə imiş. Halbuki elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır. 

Ekspertin sözlərinə görə, əsas təqsirkar insanların özləridir:

“Kapitalizm planetdə bütün canlı aləmin axırına çıxmağa rəvac verir. Lazımsız istehsal həcmi, vəhşicəsinə istehlak qudurğanlığı, lüzumsuz rəqabət mühiti və çoxlu sərvət əldə etmək həyasızlığı dünyanı məhvə aparır. Digər tərəfdən də öz evimizi, yəni dünyamızı şüursuzcasına dağıtmaqda biz insanlar əlimizdən gələn hər şeyi edirik.

Ultrakomfort həyat arzusu, fasiləsiz istehlak xəstəliyi, dəb və özünü başqalarından üstün göstərmək sindromu dünyanın axırına çıxır. Bəzi nüfuzlu alimlərin fikrincə, artıq planetimizi, canlı aləmi xilas etmək, bu qorxunc prosesi dayandırmaq və hər şeyi geri qaytarmaq üçün son imkanlar da itirilib.

Ekoloq alimlər artıq planetimizdəki ekoloji proseslərin qarşısıalınmaz, geridönməz formaya keçdiyini etiraf ediblər. Yəni biz ,necə deyərlər, “bir balaca” gecikmişik. BMT-də dünya dövlətlərinin nümayəndələri müzakirə apardılar ki, qlobal istləşmənin sürətini azaltmaq üçün istehsal və atomosferə tullantılarının həcmi azaldılsın.



Hətta maksimum tədbirlər belə ümumi orta temperaturun artımını 3 dərəcədən aşağı salmağa qadir deyil. Halbuki dövlətlər minimum azalmanı belə qəbul etmək istəmirlər.

Bunun üçün Kioto protokoluna baxmaq kifayətdir. İri dövlətlər protokola qoşulmamaqla göstərdilər ki, onlar planetimizin xilasında yox, özlərinin müvəqqəti nüfuz və üstünlüyündə maraqlıdırlar. Kasıb ölkələr isə deyirlər ki, biz də sizin kimi yaşamaq istəyirik, ona görə də sənayeni azalda bilmərik.

Misal üçün, ABŞ təkbaşına dünya ekologiyasının korlanmasında 40 faizlik paya malikdir. Halbuki onun camaatı dünya əhalisinin cəmi 3 faizini təşkil edir.

Çin və Hindistan deyirlər ki, biz də bu qədər əhalini təmin etməliyik, insanlarımızın varlı ölkələrdəki kimi yaşamaq haqqı var, ya hamı eyni yaşayacaq, ya da biz heç nəyi ixtisar edən deyilik, yəni zərərli sənaye sahələrini və onun tullantılarını azaltmayacağıq. Bax, dünyamız belə bir şüursuz vəziyyətdə dağılmağa doğru gedir. Özü də burada yeganə problem istiləşmə və buzlaqların əriməsi deyil”.