Düşmənin Goranboy həmləsi: “Dərs olsun” - FİASKO !

“Düşməni məkrli niyyətlərindən daşındırmağın yolu güc yoludur. Gücümüzü sərf etməliyik”


Dünən cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Ordumuzun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.


Cəbhədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Goranboyda baş verənlər bir daha göstərir ki, düşmən xain əməllərindən vaz keçmək istəmir. Belə olan halda Azərbaycan tərəfi nə etməlidir?



Hazırda Goranboy rayonunda cəbhə xəttinə yaxın bir yerdə olduğunu deyən millət vəkili Elman Məmmədov “Sherg.az”a bildirib ki, Ordumuz yüksək döyüş hazırlığına malikdir. Deputatın sözlərinə görə, Ordumuzda olan nizam-intizam, ruh yüksəkliyi və qələbə əzmi onu deməyə imkan verir ki, torpaqlarımızı işğaldan azad etməliyik:

“Düşmən işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil. Tovuzda baş verən erməni təxribatları sübut etdi ki, işğalçı ölkə bununla kifayətlənmək istəmir, yeni ərazilər əldə etmək üçün vaxtaşırı müxtəlif istiqamətlərdə təxribatlara əl atır. Goranboydakı diversiya qrupu da buna sübutdur. Məqsəd ərazilərimizə daxil olub, ziyan vurmaqdır. Amma ordumuz öz mövqelərində ayıq-sayıqdır”. 

Parlament üzvü vurğulayıb ki, ATƏT-in Minsk Qrupu ermənilərin Tovuzda törətdiyi təxribata sərt reaksiya vermədi:

“Hətta bizə kölgə salmaq istədilər. Azərbaycan belə fikirdə olsaydı, işğal altında olan ərazilərində hərbi əməliyyatlara başlayardı. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Deməli, bütün bunlar düşmən hiyləsi idi.

Məqsəd təkcə ərazi məsələsi deyildi. Eyni zamanda Azərbaycanın enerji xətlərinin daşıyıcıları Tovuzdan keçir. Ona görə də həmin xətlərə ziyan vurmaq istəyirdilər. Bu təxribatlara birdəfəlik son qoymaq üçün Ordumuz düşməni yerində oturtmalıdır ki, onlara dərs olsun.

Əks təqdirdə təxribatlar bir-birini əvəz edəcək. İtki verib, məhv olsalar da, həyasız millət olduqları üçün pis niyyətlərindən əl çəkməyəcəklər. Onları məkrli niyətlərindən daşındırmağın yolu güc yoludur. Gücümüzü sərf etməliyik”.