Şoyqu nəbzi yoxlamağa gəlir ! – “Bakıda ona deyilməlidir ki...” - Qətiyyətli mövqe !

“...Moskva vasitəçiliyini davam etdirmək istəyirsə, Ermənistana hərbi texnika daşımaq siyasətinə diqqət yetirsin”

“Türkiyə ilə hərbi əməkdaşlığı davam etdirəcəyimizi və hərbi texnika alacağımızı bilməlidirlər”



Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfər edəcək. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Sergey Şoyqunun avqustun 25-də Bakıya işgüzar səfəri gözlənilir. Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. 



Səfərlə bağlı təəsüratlarını “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın Müdafiə nazirinin Azərbaycana səfəri nəbz yoxlamasıdır. Çünki Azərbaycanla-Türkiyə arasında hərbi əməkdaşlıq güclənir. Bu da Rusiyada müəyyən dairələri narahat edir. 

 Analitik qeyd edib ki, Azərbaycan cəmiyyətində və siyasi ekspertlər arasında Türkiyənin ölkəmizdə hərbi bazalar yaratması mövzusu ciddi müzakirə predmetidir:

“Yəqin ki, Moskvanın bu haqda məlumatı var. Bu da onları narahat etməmiş deyil. Dövlət başçısı İlham Əliyev Türkiyənin müdafiə naziri Hulisi Akarla son görüşündə belə bir fikir bildirdi ki, “Türkiyənin hərbi sənaye kompleksi çox inkişaf edib. Azərbaycan hərbi texnikanın alınmasında Türkiyəyə üstünlük verəcək”.

Halbuki əvvələr daha çox Rusiyadan hərbi texnika alırdıq, lakin bu il heç nə almamışıq. Yəqin, bu da Rusiyanı narahat edir. Çox güman ki, Sergey Şoyqu bütün bunları öyrənmək üçün Bakıya gəlir”. 

E.Şahinoğlunun fikrincə, rusiyalı nazirin Bakıya səfərinin başqa səbəbi Azərbaycan cəmiyyətinin torpaqlarının geri alınmasındakı mövqeyi və qətiyyətini öyrənməkdir:

“Amma Bakıda ona qəti deyilməlidir ki, Moskva danışıqlarda vasitəçiliyini davam etdirmək istəyirsə, Ermənistana hərbi texnika daşımaq siyasətinə diqqət yetirməlidir. Düzdür, rusların siyasətini dəyişəcəyinə inanmıram. Lakin bu fikirlər nazirə mütləq çatdırılmalıdır. Necə ki, Prezident İlham Əliyev telefon danışığında Putinə dedi”. 

Politoloq Azərbaycanla Rusiyanın Xəzərdə birgə yarışlar keçirməsi və rus hərbi gəmisinin Bakı limanına lövbər etməsinə ehtiyac olmadığını vurğulayıb:

“Əksinə bu oyunlardan imtina etsəydik, qəti mövqeyimizi ortaya qoyardıq. Rus hərbi gəmisinin gül-çiçəklə qarşılanması doğru deyil. Ondan bir gün qabaq Prezidentimiz Putinə iradını çatdırmışdı.

Biz qətiyyətli mövqeyimizi Rusiyanın Müdafiə nazirinə də deməliyik. Türkiyə ilə hərbi əməkdaşlığı davam etdirəcəyimizi və hərbi texnika alacağımızı bilməlidirlər”.