Şəmistan Əlizamanlı “Paşam hey”dən DANIŞDI: “...Mənəvi qidadır” - VİDEO

“Belə mahnılar indi də yazılır, gələcəkdə də yazılacaq”

“Bəzi planlarımız var, yenə vətənpərvəlik ruhlu  mahnılar hazırlamağı fikirləşirik”


Heç kimə sirr deyil ki, iyul ayında Tovuzda baş verən hadisələr və onun  ardınca yaşananlar  şanlı Azərbaycan tarixinə yazılmış növbəti salnamə  oldu.   İgidlərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi mənfur düşməni növbəti dəfə lərzəyə saldı. Sərhəddə savaşan mərd oğullarımız, Bakıda dəstək  yürüşünə çıxan millətimiz dünyaya Azərbaycan türklərinin gücünü, Vətən sevgisini nümayiş etdirdi.

Şübhəsiz bu igidlik dastanının baş qəhrəmanları  ürəyimizə “od salıb” behiştə yollanan müqqəddəs şəhidlərimizdir. Şəhadətindən sonra ata olan  Gizir Yaşar Babayev,  süd qoxulu körpəsinə doya bilməyən Baş əsgər Elşad Məmmədov, 

 dörd uşağını geridə qoyan Çavuş Vüqar Sadıqov,  hələ 18 yaşında canını Vətənə qurban verən əsgər Xəyyam Daşdəmirov və adlarını ürəklərə, sözlərə sığışdıra bilmədiyimiz şəhidlərimizin hər biri əbədi izlərlə yaddaşımızda qaldı. 

Bir də Polad generalımız var. Əsgərləri ilə çiyin-çiyinə vuruşan, polkovnik  İlqar Mirzəyevlə birgə qəhrəmancasına şəhid olan  general-mayor  Polad Həşimov.

Ölümündən sonra əsgərləri, yaxınları, dostları cənab generalla xatirələrindən, bu bənzərsiz şəxsiyyətin əməli-saleh işlərindən danışdılar.  Məgər adı kimi polad və möhkəm olan cənab Həşimovun  ürəyi incitək saf, su misalı təmizmiş.  Sən demə  əsgərlərinə ata kimi qayğı göstərən, ən xırda problemlərinə qədər maraqlanan, dövlət tərəfindən ona bağışlanan evi şəhid ailəsinə verib, özü kirayədə yaşayan nur üzlü generalımız varmış.  Biz də həmin  xatirələri dinlədik, həm fəxr etdik, həm də onu sağkən tanımadığımız üçün üzüldük.  Əlimizdən adını əbədiləşdirməkdən, qisası uğrunda and içməkdən  başqa heç nə gəlmədi.  Kimisi borcunu kitab yazaraq ödədi, kimisi mahnı hazırlayaraq,  kimisi də  şəkilini   maşınlarına, evlərinə asaraq... 

Şəhidimizin polad ruhuna həsr olunan, şərəf dolu nəğmələrdən biri də yaxın günlərdə  Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət mərkəzinin təşəbbüsü ilə ərsəyə gəldi. Layihə rəhbəri əməkdar jurnalist Aygün Muradxanlı olan  “Paşam hey” mahnısının musiqisi bəstəkar  Faiq Süccəddinova, sözləri isə şair Musa Uruda məxsusdur.
  
Mahnıya nəfəs verən tanınmış hərbi diktor, vətənpərlik nəğmələrinin ən mahir ifaçısı Şəmistan Əlizamanlı “Sherg.az”a  “Paşam hey”in yaranmasından danışıb:

“A.Muradxanlı müraciət etdi, layihə haqqında  məlumat verdi.  Mahnının cənab generalın şərəfinə  hazırlandığını, mənim ifa etməyimi istədiyini söylədi.   Görüşdük,  söhbət etdik.  Mahnının bəstəsi  xalq artisti Faiq Sücəddinova həvalə olundu. Sözlərini Musa Urud yazdı, mən də oxudum”.

“Gənclərə vətənpərvlik hisslərinin aşılanması yolunda  milli-vətənpərvər ruhlu mahnıların daha çox yazılmasına ehtiyac varmı?” sualını Şəmistan müəllim belə cavablandırıb:
 
“Əlbəttə , daha çox  olsa yaxşıdır. Bu, gələcək nəslin milli ruhda böyüməsinə, əsgərlərimizin vətənpərvərlik hisslərinin güclənməsinə böyük dəstəkdir, mənəvi qidadır. İndi yazılır, gələcəkdə də yazılacaq. Bəzi planlarımız var, yenə vətənpərvəlik ruhlu  mahnılar hazırlamağı fikirləşirik”.

Bəzən vətənpərvərlik nəğmələrinin yüksək səviyyədə yazılmaması, ifaçıların səs tonunun  mahnıyla uyğunlaşmaması  məsələsinə diqqət çəkən Ş.Əlizamanlı  qeyd edib ki, bunları  normal qarşılamaq lazımdır: 

“Çünki beılə mahnıların yaranması  vətənə sevgidən irəli gəlir. Yazan insanlar, gənclər,  yaradıcılar vətənə olan münasibətlərini, sevgilərini göstərirlər.   Ola bilər ki, zəif alınsın, istədiyimiz səviyyədə ərsəyə gəlməsin.  Amma  müsbət qarşılayıram. Yazmaları daha yaxşıdır.  Dediyim kimi, normal haldır. Qoy yazsınlar...”