Qanunu pozan hər kəs məsuliyyətə cəlb olunacaq

Məmurların cəzalandırılması əhali arasında dövlətə olan inamı daha da artırıb

“Pandemiya dövrü ərzində ölkəmizdə karantin rejiminin tələblərinə məhəl qoymayaraq əyləncə təşkil edən, toy, yas və sair mərasimləri keçirən vətəndaşlarımız məsuliyyətə cəlb ediliblər. Bu yaxınlarda gündəmin əsas mövzusu bəzi vəzifəli şəxslərin, məmurların karantin qaydalarına məhəl qoymayaraq toy mərasimlərini təşkil etməsi oldu.


Bu da haqlı olaraq cəmiyyətin ciddi hiddətinə səbəb oldu və onlar ictimai qınağa tuş gəldilər. Çünki Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz”. 

“Sherg.az”ın məlumatına görə, bu sözləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri, tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib. O vurğulayıb ki, yüksək və vəzifəli məmurların bu addımı yolverilməzdir:

“Ölkəmizdə  vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaqdır. Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir.

Hər kəs birmənalı şəkildə anlamalıdır ki, qanun şahdır, şah qanun deyil! Son zamanlar icra başçılarının həbsi, məmurların cəzalandırılması əhali arasında dövlətə olan inamı daha da artırıb.

İndiki dövrdə islahatlar əhali arasında müsbət fikir yaradır. Prezidentə və onun apardığı siyasətə dəstək çox güclüdür. Düşünürəm ki, digərləri də bu şəkildə cəzalandırılmalıdır və ayrı-seçkilik etmək lazım deyil.

Bu cəza mexanizmi kampaniya xarakteri daşımamalı və davamlı olmalıdır. Çünki bütün Azərbaycan vətəndaşlarının arzusu budur ki, bu belə olsun”.