Bulvar və çimərlik birləşir

Bakının yeni turizm adası göz oxşayacaq

Bu layihənin icrası ölkəmizdə turizmin inkişafına böyük töhfə verəcək

Böyük turizm potensialına malik olan Pirallahı rayonunda salınan yeni yaşayış, istirahət və turizm kompleksi “Nərəkənd”ə xarici investorların cəlb olunmasına başlanılıb. Bu barədə Pirallahı Rayon İcra Hakimiyyətindən deyiblər. Qeyd olunub ki, onlar Rusiya və Türkiyədən olan sərmayədarlardır.

“Nərəkənd” yaşayış və turizm mərkəzində artıq bir sıra işlər tamamlanıb və plana uyğun olaraq digərlərinin görülməsinə start verilib: “Kompleksin ümumi ərazisi 50 ha-dan ibarətdir, tikinti aparılan ərazi isə 23 ha-dır.

Artıq çimərlik sahəsində bir çox işlər görülüb, perimetr boyu 4 min metr uzunluğunda, 1-2.5 metr hündürlüyündə sahilbərkitmə işləri görülüb.

Ərazidə olan bataqlıqlar qurudulub, dənizin ekvatoriyası yad cismlərdən, tullantılardan və dəmir konstruksiyalardan təmizlənib və dərinləşdirilib. Mərkəzi və daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yekunlaşıb, ərazi düzləşdirilib”.

İH-dən əlavə olunub ki, hazırda geoloji və topoqrafik işlər görülür. Növbədə əraziyə qaz, işıq, su, kanalizasiya və rabitə xətlərinin çəkilməsi planlaşdırılır: “Bu işlərin yekununda “Nərəkənd”də 1-3 mərtəbəli kotec tipli villalar, 3-4 mərtəbəli qalereya tipli yaşayış binalarının tikintisi başlanılacaq. Ərazidə uşaq əyləncə mərkəzləri, kafe-restoranlar, açıq və qapalı su hovuzları, idman meydançaları və yaşıl zolaqlar salınacaq”.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, bu layihənin icrası ölkəmizdə turizmin inkişafına böyük töhfə verəcək:

“Bakının Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır.

Pirallahı adasının sahilboyu yerlərində dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubları və sairə yaradılması üçün əlverişli şərait var. Həmçinin bu ərazi ölkəyə gələn bütün turistləri xüsusilə cəlb edir.

İstəyirlər ki, oranı görsünlər. Düşünürəm ki, xəritədə görünən ən son uc yeri də bura qatılsa, turizmin inkişafına müsbət təsir göstərəcək”.