Minskdə hərbi qarşıdurma gözlənilmir

Lukaşenko hakimiyyətini qorumaqda israrlıdır

"Belarus Avropanın içində yerləşdiyi üçün hərbi eskalasiyaya imkan verilməyəcək"

Belarusun paytaxtı Minsk şəhərində prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları səngimək bilmir. Ötən gün Minskdə 200 mindən çox insanın iştirakı ilə daha bir etiraz mitinqi keçirilib. Belarus Prezidenti Aleksandr Lukaşenko etiraz aksiyalarının keçirildiyi yerin yaxınlığında yerləşən Minskdəki iqamətgahına - Müstəqillik Sarayına - helikopterlə gəlib.

Yayılan videokadrlarda Lukaşenkonun güllə keçirməyən gödəkçədə, əlində avtomat helikopterdən çıxaraq iqamətgaha doğru getdiyi əks olunub. Belarus rəhbəri etirazçıları “siçovul” adlandırıb və iqamətgahı qoruyan OMON-çulara yaxınlaşaraq onları tərifləyib. OMON-çular onu alqışlayıblar və “axıra qədər müdafiə edəcəklərini” deyiblər. 



Belarusdakı prosesləri “Şərq”ə şərh edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev hesab edir ki, ölkədə baş verən hadisələr, xalqın dəyişiklik tələbi, kütləvi tətillər və nümayişlər Lukaşenko üçün qorxulu yuxudur. Ekspertin fikrincə, hadisələrin başlanğıcından Lukaşenkonun postunu asanlıqla təhvil verməyəcəyi bəlli idi:


“Bəzi siyasətçilər Belarusdakı olayları Suriya ilə müqayisə etməyə çalışsalar da, həm regionun, həm də xalqların fərqli inanc və mədəniyyət fərqinə görə hadisələrin eyni senari ilə davam etməsi mümkün deyil.

Belarusda hərbi müxalifətin və xarici müdaxilənin olmaması prosesi fərqli istiqamətə aparır. Etirazların ilk günündə Lukaşenko nümayişçilərə qarşı sərt davransa da, bu sərtlik digər bölgələrdə olduğundan daha yumşaq idi.

Seçki marafonunda ortaya çıxmış namizədlər ilkin mərhələdə sussalar da, sonradan çoxminlik mitinqlərdən cəsarətləndilər və Lukaşenkoya qarşı birləşə bildilər. Məncə, Lukaşenkonun əlinə silah alaraq “ölənə qədər vuruşacağam” mesajını verməsi bir şoudur.

İnanmıram ki, Belarusda hərbi qarşıdurma olsun. Lukaşenko üçün baş verəcək ən pis nəticə polisin və ordunun “öldür əmri”ni yerinə yetirmək olar. Belarus Avropanın içində yerləşdiyi üçün hərbi eskalasiyaya imkan verilməyəcək”. 

Siyasi şərhçinin fikrincə, Lukaşenko artıq etibarını itirmiş dövlət başçısıdır: “Lukaşenko cəza dəstələrini xalqın üzərinə göndərmək haqqında qərar verərsə, nəticə onun üçün heç də yaxşı olmaz. Rusiyanın iqtisadi durumu o səviyyədə deyil ki, 9 milyonluq bir dövləti öz qəyyumluğuna götürüb iqtisadi blokadadan çıxartsın.

O səbəbdən Rusiya hadisələrə aktiv müdaxilə etmir. Rusiya Belarusa müdaxilə edərsə, bu dəfə Krım olaylarında olduğu kimi onu bağışlamayacaqlar. Hadisələrin gedişindən görünür ki, Lukaşenko siyasi lider olaraq nüfuzunu itirib.

Hesab edirəm ki, etirazlar bir qədər də uzanarsa, Lukaşenko yeni prezident seçkilərinə getməyə razılıq verə bilər”.