Bu toy o toydan deyil ! - “Belə hallara yol vermək olmaz!” 

“Qanun bir-iki nəfərə yox, hamıya şamil edilməlidir”

Azərbaycanda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib.

Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməlidir. 

Toyu toplantı kimi təqdim edənlərin qanunsuz əməli barədə  “Sherg.az”a fikirlərini bildirən "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bunun düzgün olmadığı qənaətindədir: 

“İndiki şəraitdə belə hallara yol vermək olmaz. Qanun bir-iki nəfərə yox, hamıya şamil edilməlidir. Məncə, Azərbaycanın bir xeyli ciddi problemi olduğu halda belə məsələlərin gündəmi zəbt etməsinə icazə verməməliyik”.