Yeni icra başçılarına etimad böyükdür: “Əhali ilə dil tapa biləcəklər”


“Məmur vətənpərvər, milli maraqlara sədaqətli olması ilə yanaşı, vətəndaşlarla dil tapmağı bacarmalı və  intellekti ilə fərqlənməlidir”

“Odur ki, obyektiv əsaslarla seçim modeli müəyyənləşməlidir



Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarını videoformatda qəbul edib. Dövlət başçısı nitqində bir sıra vacib məsələlərə toxunub. Həmçinin kadr islahatından da danışan Prezident bunun ən prioritet məqamlardan biri olduğunu söyləyib:

 “Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir.


Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər insanlar, milli ruhda tərbiyə alan insanlar, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir.

Əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır”. 

 

Kadr siyasəti barədə “Sherg.az”a danışan Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bunun üçün bir modelin yaradılmasını zəruri hesab edir: 

“Dövlət başçısısının səsləndirdiyi fikirlərlə tam razıyam. Məmur vətənpərvər, milli maraqlara sədaqətli olması ilə yanaşı, həm də vətəndaşlarla dil tapmağı bacarmalı, intellekti, savadı ilə fərqlənməlidir. Lakin bu kadrların seçilməsi və yetişdirilməsi məsələsinə diqqət etmək lazımdır. Sovet dövründə komsomol, partiya və həmkarlar ittifaqı məktəbləri var idi.

Oralarda gələcək kadrlar yetişirdi. Mən Sovet sistemini tərifləmirəm, amma ən azından bir model lazımdır. Bizdəki “Yüksəliş” layihəsi, müxtəlif könüllülük proqramları da bu istiqamətdə tətbiq edilən bir variantdır. Burada təcrübə keçənlər sonralar müxtəlif məmur postlarını tuta bilirlər. Lakin icra başçılığının məmur yox, siyasi vəzifə olduğunu nəzərə almaq lazımdır. Odur ki, obyektiv əsaslarla seçim modeli müəyyənləşməlidir”. 

 S.Məmmədov, həmçinin yeni icra başçılarına inamını da ifadə etdi: 

“Biləsuvara təyin olunan başçını tanıyıram. Əvvəl İTV-də işləyib. Sadəliyi və mehribanlığı ilə seçilir. Digəri haqqında da xoş sözlər eşitmişəm. İnanıram ki, etimadı doğruldacaq və əhali ilə dil tapa biləcəklər”.