“Elşadın qırğın dönəri” müzakirəyə səbəb oldu ! - "Dilimiz “işğal"da..." – Təkliflər verildi ! 


“Hər ağla gələn sözü və ya söz birləşməsini ad kmi istifadə etmək olmaz axı”

“Ədliyyə Nazirliyində sözügedən məqamla məşğul olan xüsusi komissiya yaradılmalı və ora dilçilər cəlb edilməlidir”

“Kimlərsə obyektlərinə Azərbaycan dilində ad qoymağı özlərinə sığışdırmırsa, o halda bunun bədəlini ödəməlidirlər”

“Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ərəfəsində şəhərimizin milliləşdirilməsi istiqamətində fəaliyyətə başlanılsa, bu, tarixi hadisə olar”




Paytaxtdakı müxtəlif ictimai iaşə obyektlərinin adını eşidəndə bəzən özümü əcnəbi ölkədə hiss edirəm- “Neolit”, “Troya”, “Kleopatra”...Baxırsan ki, heç biri Azərbaycan dilində deyil. Öz dilimizdə olan isə “Bibinin yanı”, “Qırğın dönəri”, “Əjdəha dönəri”, “Avtoş dönəri”dir. Deməli, dönər yeyənlər ya qırğına hazırlaşır, ya da əjdəha ətinin dadına baxırlar? Ya da bəzi yerlərdə avtoşlardan başqa heç kimə dönər satılmır? Vallah, gülməlidir. 

Rəhmətlik Mirzə Cəlil  "Vətən, vətən, vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi bəşər üçün özgə nicat yolu yoxdur" deyə-deyə də dünyasını dəyişdi…Gördü ki, xeyri yoxdur. 



Amma heç olmasa indi-XXI əsrdə nicat yolu tapmaq üçün mövcud durumla barışmamalı, mübarizə aparmalıyıq. 
 Xoşagəlməz tendensiya ilə bağlı “Sherg.az”a danışan filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli müvafiq qurumlarda da təqsir gördüyünü deyib: 

“Əlbəttə, hər adın öz mənası olmalıdır. Bununla yanaşı, ad həm də milli xarakterə cavab verməlidir. Hər ağla gələn sözü və ya söz birləşməsini ad kmi istifadə etmək olmaz axı. Məncə, Ədliyyə Nazirliyində sözügedən məqamla məşğul olan xüsusi komissiya yaradılmalı və ora dilçilər cəlb edilməlidir. Bəlkə, belədə həmin adların kütləviləşməsinin qarşısını almaq mümkün olar”. 



“Yeni Müsavat” media holdinqin əməkdaşı Elşad Paşasoy belə hallarının yolverilməz olduğunu düşünür: 

“ Mən bu barədə zarafatla status paylaşmışdım. Amma zarafatla paylaşılan statusun xeyli maraq doğurması, şərh və bəyənmələrin çoxluğu həm də ondan xəbər verirdi ki, ad yerində deyildi. Bu, həm də onun təsdiqidir ki, paytaxtımızda kafe, restoran, ictimai iaşə obyektləri, ticarət mərkəzlərinə qoyulan adların bir çoxu düzgün seçilmir. Dilimizdə belə bir deyim var: “Ad adamı bəzəmir, adam adı bəzəyir”. 

Amma bu, həmişə belə olmur. Vaxtilə yeni doğulan uşağa “Şura”, “Sovet” adı qoyurdularsa, indi belə bir adı adamın başına çırparlar. Söhbət təkcə insan adlarından da getməməlidir. Ümumən böyük-kiçikliyindən asılı olmayaraq, hansısa bir obyektə, müəssisəyə ad qoyulanda ciddi götür-qoy edilməlidir.

Çünki ad çox önəmli amildir, həmin ünvan haqqında təsəvvürlər həm də onun adından başlanır. Eyni zamanda unutmamalıyıq ki, paytaxt Bakı ölkəmiz haqqında təsəvvürün formalaşdığı əsas ünvandır. İl ərzində saysız-hesabsız qonaqlar gəlir, şəhərimizlə tanış olarkən qeyri-ixtiyari,  həm də, heç şübhəsiz, adlarla, onların hansı məna kəsb etdiyi ilə maraqlanır.

Məsələn, Azərbaycana gələn turist restoranların üstündə Azərbaycanın işğalda olan rayonlarının adlarını oxuyanda nələr fikirləşir? Yaxud da ən böyük ticarət mərkəzləri içərisində itirdiyimiz rayonun adını görəndə nə düşünür?

Hər halda çətin ki, yaxşı nəsə düşünsün. Biz itirdiyimiz şəhər və rayonların, kəndlərin adlarını Bakı başda olmaqla ölkəmizin digər ərazilərində “yaşatmağı” artıq ənənəyə çevirmişik.

Bu, bəlkə də,  müəyyən insanlar üçün təskinlik elementi sayıla bilər, amma fikrimcə, böyük günahdır, həm də qəbahətdir. Şuşanı işğalda qoyub sonra da onun adını daşıyan restoranda kef çəkmək, əylənmək...nə isə mənə çatmır. Hələ mən Azərbaycan dilində olan adlardan bəhs edirəm”.

Jurnalist paytaxtı bürüyən əcnəbi adların çoxluğundan da gileylənib: 

“Bakının küçələrini əcnəbi dillər “işğal edib”. Xüsusilə də şəhərin mərkəzində bayrağımızla rastlaşmasan, elə bilərsən, hansısa əcnəbi bir ölkənin yaşayış məntəqəsindəsən. Axı bizim milli kimliyimiz var, biz hər ünvanda milliliyimizi nümayiş etdirməliyik. Fərqi yoxdur, satış obyekti olsun, təhsil müəssisəsi, ya gözəllik salonu. Dilimizin zənginliyi imkan verir ki, onun içərisindən ləl-cəvahirləri seçib hansısa ünvana ad qoyaq.

Yox, əgər kimlərsə obyektlərinə Azərbaycan dilində ad qoymağı özlərinə sığışdırmırsa, o halda bunun bədəlini ödəməlidirlər. Dövlət dili haqqında və Reklam haqqında qanunların kobud şəkildə pozulması hallarına, nəhayət ki, son qoyulmalıdır.

Bir neçə il əvvəl deputatların birilə Hüseyn Cavid parkı ətrafındakı obyektlərdə reyd keçirdik, material hazırladıq. Nadir hallarda Azərbaycan dilində obyek adına rast gəldik. Yaxşı, bu qədərmi biganəlik olar?

Bununla biz haraya gedirik? Yəni faciə “Elşadın qırğın dönəri”ndə deyil, bəlkə də, “qırğın” sözünə görə mənim adını görmədiyim həmin o balaca dönərxananın sahibinə təşəkkür düşür, ən azı ingilis, ya fransız sözündən istifadə etmədiyinə görə. Bu yaxınlarda bir qrup ziyalı Bakı şəhər icra hakimiyyətinə paytaxtdakı adlarla bağlı müraciət edib və şəhər rəhbərliyindən müsbət reaksiya alınıb, həmçinin ziyalılarla görüş keçirilib.

Ümid edirəm ki, bu məsələ ilə bağlı narahatlıqların aradan qaldırılması, paytaxtımızın yad adlardan xilas edilməsi istiqamətində dönüş başlanacaq.

Heç olmasa, Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ərəfəsində paytaxtımızın yad, qondarma, gülüş, ironiya, acı təəssüf doğuran adlardan azad edilməsi, şəhərimizin milliləşdirilməsi istiqamətində ciddi fəaliyyətə başlanılsa, bu, tarixi hadisə olar”.