Tələb budur ! – “Rayonlara sərmayə qoyuluşu təmin edilməlidir!”

“Həm yerli, həm də xarici investorların rayonlara cəlb edilməsi prioritet təşkil edir”


Biləsuvar və Saatlı rayon İcra Hakimiyyətlərinə yeni təyin olunan icra başçılarını videoformatda qəbul edən Prezident İlham Əliyev bir sıra önəmli məqamlara toxunub. Yerli icra başçılarına öz tapşırıq və tövsiyyələrini verən  ölkə rəhbəri  kadr siyasətində düzgün addımların  atılmasını vacib hal kimi dəyərləndirib.

Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı genişmiqyaslı mübarizə aparıldığını vurğulayan politoloq İlyas Hüseynovun "Sherg.az"a açıqlamasına görə, yerli icra hakimiyyətlərində aparılan əməliyyatlar zamanı yüksək vəzifəli şəxslərin həbslərinin şahidi olmuşuq: 

"Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilib və bu məsələlər ictimailəşdirilir.  Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olunur. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görürlər və sahibkar ancaq dövlət vergisini ödəyirlər. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara dövlət başçısının da münasibəti müsbətdir. Sevindirici haldır ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlət vergisini ödəyirlər". 

Politoloq hesab edir ki, keçirilən əməliyyatlar nəticəsində həbs olunan yerli icra başçılarından fərqli olaraq yeni icra başçıları rəhbərlik edəcəkləri rayonlara sərmayə qoyuluşunun təmin etməlidirlər. Həm yerli, həm də xarici investorların rayonlara cəlb edilməsi hər zaman olduğu kimi bu gün də prioritet təşkil edir:

"Xüsusi qeyd olunmalıdır ki, investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür. İnfrastruktur layihələri və digər layihələr uğurla icra olunur. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir". 

Son kadr dəyişikliklərinin cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayan ekspert deyib ki, müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədədir:

"Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulub. İcra başçıları öz işini Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük prinsipləri əsasında qurmalıdır. Belə olan halda həm vətəndaşlar icra başçılarını dəstəkləyəcək, həm də ali dövlət rəhbərliyi onların işinizə yüksək qiymət verəcək".