Sorğuya münasibət ! - “Televiziyalarımız bəsit materiallar təqdim edir” - Ədalətli aparılıb ! 

“Odur ki, məntiqlə düşünəndə televiziyalarla bağlı səslənən fikri düzgün hesab edə bilərik” 

Yaş artdıqca Rusiya kanallarına baxışın artması vərdiş məsələsidir"

"Yaşlı nəslin gənclik dövrü sovet hakimiyyəti illərinə təsadüf edir"

"Lakin bu, müvəqqətidir. Vəziyyət getdikcə dəyişəcək" 


Sosial Tədqiqatlar Mərkəzi əhali arasında növbəti sorğunu keçirib. Eksperiment 2004 nəfər arasında aparılıb. Seçmədə 18-35 yaş arası əhali 28 faiz, işləyənlər 51 faiz, işsizlər 11 faiz təşkil edib. Sorğu ölkəboyu 167 məntəqədə aparılıb. KİV mühitini öyrənmək məqsədilə ünvanlanan suallara verilən cavablar maraqlı məqamları ortaya çıxarıb. Beləliklə, həm də indiyə kimi gileyləndiyimiz müəyyən stereotiplər alt-üst olub. Sən demə, media haqqında təəssüratlarımız dəqiq deyilmiş. “Sherg.az” olaraq elə bizi də təəccübləndirən nəticələr barədə media eksperti Zeynal Məmmədlinin fikirlərini öyrəndik.
 
- Sorğuda məlum olub ki, informasiya mənbəyi kimi əhalinin 85 faizi televiziyadan, 35 faizi internet saytlarından və 26 faizi isə sosial şəbəkələrdən istifadə edir. Bu göstərici barədə nə düşünürsünüz?

- Sorğunun nəticələrindən şübhələnməməyə dəyər. Çünki Qərbdən fərqli olaraq, Azərbaycanda yaşlıların bir çoxu İKT-nin imkanlarından istifadə edə bilmir. Düzdür, 85 faiz bir az böyük fərqdir. Amma fərqin doğruluğuna inanmaq olar. Hər halda ölkəmizdə heç də hamının texniki imkanları, internetə çıxışı yoxdur.  O da sirr deyil ki, televiziyası olan ailələr kompüteri olan ailələrdən dəfələrlə çoxdur. Deməli, sorğu ədalətli aparılıb. 

- Təxminən 40 faiz respondentin sosial şəbəkələrdən aldığı informasiyanın həqiqiliyini yoxlamadığı bildirilir...

- Bunu müəyyənləşdirmək çətindir. Axı informasiyanı fakta çevirmək böyük zəhmət tələb edir. Hətta biz özümüz də bir çox hallarda bu işlərdə əziyyət çəkirik. Həm də bəziləri dəqiqləşdirmək məqsədilə yox, sadəcə vaxt keçirməkdən ötrü saytlarda “gəzirlər”...

- Təhsil səviyyəsi artdıqca TV məkanından narazılıq artdığı iddiasını necə qiymətləndirirsiniz?

- Bax, bu, şübhə doğurmur. Çünki Azərbaycan televiziyaları xüsusi bir auditoriyaya yönlənmədiyi üçün mümkün qədər sadə, bəsit materiallar təqdim edir. Bu, həm də reklam naminədir. Odur ki, məntiqlə düşünəndə səslənən fikri düzgün hesab edə bilərik. 

- Bəs çıxış yolu nədir?

- İxtisaslaşma. Başqa sözlə desək, hər auditoriyanın öz mühiti olmalıdır. Bir çox ölkələrdə, o cümlədən Rusiyada dediyim təcrübədən istifadə edilir. Azərbaycanda isə bunun reallaşmamasının əsas səbəbi maddi çətinlikdir.

- Sorğuda o da göstərilir ki, yaş artdıqca Türkiyə kanallarına baxış azalır, Rusiya kanallarına isə baxış artır. Sizcə, niyə?

- Bu, vərdiş məsələsidir. Yaşlı nəslin gənclik dövrü sovet hakimiyyəti illərinə təsadüf edir. O zaman isə ölkədə rus dili, Rusiya telekanalları hakim idi. Yəni bir növ alışqanlıq yaranıb. Lakin bu, müvəqqətidir. Vəziyyət getdikcə dəyişəcək. 

- 45 faiz əhali televiziyada hərb və Qarabağ, 40 faiz xəbərlər, 37 faiz isə təhsil barədə daha çox materialı görmək istədiyini deyib. Aşağı-yuxarı bərabər göstəricilərdir. 

- Əslində hər üç istiqamət vacibdir. Seçim etmək də asan deyil. Hər halda tələbatı ödəmək lazımdır.