“Heç kim tutduğu vəzifəyə görə insanlara zərər vura bilməz” 

“Vəzifəli şəxslər statuslarından istifadə edib, karantin rejiminin tələblərinə hörmətsiz yanaşmamalıdırlar” 



Prezident İlham Əliyev vəzifəsindən, statusundan asılı olmayaraq hər kəsi dəfələrlə qanunlara riayət etməyə çağırıb. Ölkə başçısı hər zaman qaydaları pozanların cəzalandırılmasını tələb edib. Bu baxımdan heç kəs unutmamalıdır ki, Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə qanunun aliliyi bərqərar olub. Heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir.

Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi karantin rejimi tətbiq olunub. Koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim  şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ataraq onların sağlamlığına zərər gətirə bilməz. Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməlidir. Başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar. 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a bildirib ki, bu günə kimi karantinin tələblərini pozaraq əyləncə təşkil edən çoxlu sayda şəxs məsuliyyətə cəlb edilib. 

Baş redaktor vurğulayıb ki, bəzi vəzifəli şəxlərin, məmurların mövcud karantin rejiminin qaydalarını pozması cəmiyyətdə hiddət doğurub:

“Heç kəs unutmamalıdır ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Yüksək rütbəli məmurlar, vəzifə sahibləri belə qanunvericiliyin tələblərini, karantin qaydalarını pozurlarsa, hüquq-mühafizə orqanları mütləq ölçü götürməlidirlər. 
Cənab Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza, mövcud karantin rejiminin tələblərinə hörmətsiz yanaşa bilməz”. 

V.Rəhimzadə bildirib ki, hər bir şəxs karantin rejiminin davam etdiyi dövrdə mövcud reallığı, qanunların aliliyini, Prezidentin mövqeyini əsas götürməlidir:

“Çünki koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər vura bilməz”.