“İslahatların sürətlənməsi üçün peşəkar kadrlara ehtiyac var”

“Prezidentin fərqli xüsusiyyətlərə malik kadrları önə çəkməsi dövlətimizin sürətlə inkişafına təkan verəcək”


Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyəti başçılarını videoformatda qəbul edib. Dövlət başçısı nitqində bir sıra vacib məsələlərə toxunub. Prezident vəzifəyə yeni təyin olunan icra başçılarına tapşırıq və tövsiyyələrini verib. Ölkə başçısı qeyd edib ki, ölkəmizdə kadr siyasəti düzgün həyata keçirilməlidir:  

“Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər. Həmin kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir.

Müstəqil həyatımızı hər şeydən üstün tutanlar, milli ruhda tərbiyə alan insanlar önə çəkilməlidir. Əlbəttə bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır”.

Prezidentin mühüm məqama toxunduğunu deyən millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, ölkəmizdə islahatların sürətlənməsi və uğurla həyata keçirilməsi üçün məhz peşəkar kadrlara ehtiyac var:

“Təhsilli, bacarıqlı və təcrübəli kadrların fəaliyyəti olduqca vacibdir. Bu istiqamətdə müəyyən işlərin görülməsinə başlanılıb. Düşünürəm ki, hələ çox işlər görülməlidir.

Cənab Prezidentin bir tərəfdən korrupsiya ilə mübarizə islahatı, digər tərəfdən fərqli xüsusiyyətlərə malik kadrları önə çəkməyi dövlətimizin sürətlə inkişafına təkan verəcək”.