Şoyqunun Bakı səfərinin PƏRDƏARXASI...- “Birgə təlimlər Rusiyanı qıcıqlandırıb”

“Rusiyalı nazirin gəlişi bir növ Azərbaycanın “könlünü almaq” məqsədlidir”

“Amma rəsmi Bakı Rusiya və Fransanın həmsədrliyindən imtina etməli, danışıqları yeni bir formata gətirməlidir”

“Biz indiki məqamda Moskva deyil, Ankara ilə əməkdaşlığa üstünlük verməliyik”


Bu gün Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil bütün  regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.

Ordu generalı Sergey Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib.

O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.
Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Görüşü “Sherg.az”a şərh edən politoloq Azər Rəşidoğlu bunu Rusiyanın son baş verən hadisələrə reaksiyası kimi qiymətləndirib: 

“Bu, əvvəlcədən planlaşdırılmış görüş idi. Yəni son vaxtlar baş verən hadisələrin nəticəsi deyil. Amma Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Rusiyanı qıcıqlandırıb. Üstəgəl, Azərbaycan dövlət başçısı Ermənistana silah göndərmək faktı ilə bağlı Rusiya prezidenti Vladimir Putinə zəng etdi və ona narahatlığımızı bildirdi.

Şoyqunun bura gəlməsi bir növ Azərbaycanın “könlünü almaq” məqsədlidir. Amma Azərbaycanın Rusiyan və Fransanın həmsədrliyindən imtina etməli və danışıqları tamamilə yeni bir formata gətirməlidir. Şayqonun səfərini bəziləri hədə-qorxu kimi qiymətləndirir. Lakin Moskvanın gündəmində Rusiya ilə yaxınlaşmaq məsələsi yoxdur.

Rusiya Azərbaycanın müttəfiqi deyil. Odur ki, şimal qonşumuzun Azərbaycana yardım edəcəyini gözləmirəm. Biz indiki məqamda Moskva deyil, Ankara ilə əməkdaşlığa üstünlük verməliyik”.