Bill Qeytsin proqnozlarını ciddiyə almaq lazımdır


"Zamanında onun sözləri ciddiyə alınmalı, ölkələrin səhiyyə sistemləri hazır vəziyyətə gətirilməli idi"

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı şəxslərindən olan Bill Qeyts koronavirusla bağlı açıqlaması ilə diqqət çəkib. Dünyanı təsiri altına alan yeni tip koronavirus pandemiyası dönəmində peyvənd açıqlamaları ilə gündəmə gələn Bill Qeyts "The Economist"ə açıqlamasında yaxın zamanda milyonlarla insanın öləcəyini söyləyib: "Ölümlər koronavirus qaynaqlı deyil, səhiyyə sistemləri və iqtisadiyyatdan qaynaqlanacaq. Koronavirus səbəbindən ortaya çıxan qadağalar bəzi xəstəliklərin müalicəsinə əngəl olacaq və bundan da az inkişaf etmiş ölkələr təsirlənəcək. Virusun zərəri təxmin etdiyimizdən daha da böyükdür”.

Həkim-nevroloq Pərviz Axundov “Şərq”ə açıqlamasında bildirib ki, Bill Qeytsin hesablamalarını və proqnozlarını ciddiyə almaq lazımdır:

“Bill hələ 5 il bundan qabaq  pandemiyanı proqnozlaşdırmışdı. Onun dediklərində bir çox həqiqətlər var. Məhz pandemiya səbəbindən bir çox xəstəxanalar digər xəstələrin üzünə bağlandı və bu da onların müalicəsində ciddi əngəllər törətdi.

Xatırladım ki, hələ pandemiya yeni başlayanda Birləşmiş Millətlər Təşkilatı da ciddi karantinin ağır iqtisadi böhrana gətirib çıxaracağını bildirmişdi. Təbii ki, ağır nəticələr daha çox yoxsulluq səviyyəsi yuxarı olan ölkələrdə gözlənilir.

Hətta bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri də sərt karantinin səbəb olacağı iqtisadi böhranın onun verə biləcəyi faydadan üstün olacağını qeyd etmişdilər.

Düşünürəm ki, zamanında Bill Qeytsin sözləri ciddiyə alınmalı, ölkələrin səhiyyə sistemləri hazır vəziyyətə gətirilməli və epidemiyaların lokallaşdırılması üçün zəruri tədbirlər görülməli idi. Bütün bunlar həyata keçirilsəydi, bugünki gündə mənzərə müsbət mənada başqa cür olardı”.