Hər kəs öz ailəsində ibadətlərini edə bilər

İnsanların qapalı məkanlara toplanması böyük fəsadlara yol açar


Məhərrəmlik ayı və Aşura günü bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Bu səbəbdən dövlətimiz əhalinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri addımlar atır, müəyyən məhdudiyyətlər gətirir. Şübhəsiz, möminlər, inanclı şəxslər dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, görülən işləri qiymətləndirirlər. Anlayırlar ki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

Xarici ölkələrin təcrübəsi də göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir. Hətta nəzərə almaq lazımdır ki, islamın vacib şərtlərindən biri olan Həcc ziyarəti belə dayandırılıb.

Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır. Bütün dünyada kütləvi tədbirlər qadağan olunub, insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib. Qonşu İranın Koronavirusla Milli Mübarizə Komitəsi Tehran vilayətinin məscidlərində matəm mərasimlərini qadağan edib.

Ümumdünya Səhiyyə Təşkilatı, ekspertlər izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər. Bir müddət öncə Bakıda keçirilmiş aksiyada minlərlə insanın iştirak etməsi sanitar-epidemioloji vəziyyətə mənfi təsir göstərdi. Buna görə də, kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir.

Müqəddəs Quran daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür. 

Məsələ ilə bağlı “Şərq”ə fikirlərini bölüşən Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib ki, İmam Hüseyn əleyhissəlamın və onun tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi Aşura günü əhli-beyt tarixinə kədərli, inanclı insanlara qürur bəxş edən bir məqam kimi daxil olub. İlahiyyatçının sözlərinə görə, Kərbəla faciəsi tarixən Azərbaycan milli-mənəvi mədəniyyətində özünəməxsus yer tutub:

“Ədəbiyyatımızda xüsusi mərsiyə janrı var. Böyük mütəfəkkirlərimiz, şairlərimiz - M.Füzuli, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, Natəvan, Mirzə Ələkbər Sabir, sovet dövründə Əliağa Vahid kimi şəxslər mərsiyə janrında şeirlər, qəsidələr yazıblar. Bütün bunlar göstərir ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı iman sevgisinin, əqidəyə sadiqliyin, Vətən uğrunda şəhidliyə hazırlığın bir nümunəsidir.

Ələlxüsus, müharibə şəraitində olan müsəlman bir ölkənin vətəndaşları, gəncləri üçün Aşura mədəniyyətindən öyrəniləcək çox şeylər var. Tarix boyu biz bu mədəniyyəti yaşatmışıq. Amma hazırkı dövr fərqlidir, aylardır pandemiya şəraitində yaşayırıq. Bütün dünyanı bürümüş bir xəstəlik, bəla ilə üz-üzəyik. Koronavirus insan sağlamlığını təhlükə altına atan xəstəlikdir.

Dünya Səhiyyə Təşkilatının (DST), həkimlərin məlumatına görə, bu virus öldürücü gücə malikdir. Əfsuslar ki, ölkəmizdə 500-dən artıq insan xəstəlik səbəbindən həyatını itirib. Əgər “Qurani-Kərim”ə və Peyğəmbərimizin hədislərinə nəzər salsaq görərik ki, insan sağlamlığı mühüm amil kimi qeyd edilir. Məsələn, Peyğəmbərimiz hədislərinin birində buyurur ki, insana imandan sonra verilən ən üstün nemət sağlamlıqdır. Sağlamlıq bir nemət kimi verildiyindən “Qurani-Kərim”də buyurulur ki, “Sizə verilmiş hər bir nemətə görə sorğu-sual olunacaqsınız”. Ona görə də, hamımız sağlamlıq nemətinin qədrini bilməliyik”. 

İ.Quliyev bəyan edib ki, insan səhhətinin təhlükədə olduğu bir şəraitdə hər hansı mərasim keçirmək, toy, yaxud yas məclisləri təşkil etmək məqsədəuyğun deyil:

“Cənab Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Qərargahın ciddi həkim kontingenti var. DST-nin tövsiyələri və təlimatları ortadadır. Pandemiya yayılan gündən OQ tərəfindən çox mühüm addımlar atılıb ki, öldürücü xəstəliyin qarşısı alınsın. Şükür Allaha, dünyanın bir çox ölkəsi ilə müqayisədə, bizdə ölüm faizi çox aşağı səviyyədədir. Bu müsbət nəticə dövlətin tədbirləri sayəsində mümkün olub.

QMİ Operativ Qərargahla geniş məsləhətləşmələr apararaq, qapalı məkanlar hesab edilən bütün məscid və ziyarətgahların müvəqqəti olaraq bağlanmasına, orada hansısa dini ayinin, mərasimin keçirilməsinə qadağa qoyub. İndiki şəraitdə insanların qapalı məkanlarda toplanması məqsədəuyğun deyil. Tövsiyələrimiz ondan ibarətdir ki, xəstəliyin şiddətini, fəsadlarını nəzərə alaraq, məclislər təşkil etməsinlər. Kimsə Aşura mərasimini qeyd etmək istəyirsə, fərdi şəkildə, öz ailəsi daxilində bunu edə bilər. Dövlət hansısa dini mərasimin keçirilməsinin əleyhinə deyil.

Amma qohum-əqrəbanı, yaxın adamları bir yerə yığıb kütləvi mərasim keçirmək yolverilməzdir. Ölkə konstitusiyasına görə, epidemiya əleyhinə olan qayda-qanunları pozmaq cinayət hesab olunur. Yaxşı olar ki, dindar kəsimimiz ölkə konstitusiyasına hörmətlə yanaşsınlar, qanunları pozmasınlar”.