Vətənpərvər, milli kadrlara üstünlük veriləcək

Ölkə rüşvətxor, öz mənafeyini güdən vəzifəlilərdən təmizlənir

Biləsuvar və Saatlı rayonlarına yeni təyin olunan icra hakimiyyətlərinin başçılarını videoformatda qəbul edən Prezident İlham Əliyev bir sıra önəmli məqamlara toxunub. Yerli icra başçılarına tapşırıq və tövsiyələrini verən ölkə rəhbəri kadr siyasətində düzgün addımların atılmasını vacib hal kimi dəyərləndirib. Ölkə rəhbəri qeyd edib ki, bəzi hallarda rəhbərlər özlərinə yaxın sadiq kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır.

Prezident vurğulayıb ki, ilk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir: “Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Belə olan halda vətəndaşlar sizi dəstəkləyəcək, mən də işinizə yüksək qiymət verəcəyəm”. 

Dövlət başçısının kadr siyasəti ilə bağlı tövsiyələrini “Şərq”ə təhlil edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov hesab edir ki, kadr məsələsində çox ciddi problemlər var. Partiya təmsilçisinin sözlərinə görə, hər kadr təyinatında Prezidentin xalqla məmur münasibətlərindən söz açması, vəziyyətin düzəlməməsi, baş verən neqativ hallar və həbslər problemin kifayət qədər ciddi olduğunu göstərir:

“Təyin olunan kadrlar tapşırıqları bir qulağından alıb digərindən buraxırlar və yenə öz bildiklərini edirlər. Bəzi məmurların özbaşınalığı dözülməz həddə çatıb. Prezidentin son çıxışında “milli, vətənpərvər kadrlara üstünlük verilməlidir” ifadəsi sübut edir ki, artıq köhnə təfəkkürlü kadrlara etimad edilmir.

Dövlət başçısı hesab edir ki, milli, vətənpərvər kadrlar heç vaxt xalqın cibinə girməz, ona ziyan vurmaz. Bu baxımdan kadr siyasətində Prezidentin milli kadrlara vurğu etməsi təqdirəlayiq haldır”.

Analitik vurğulayıb ki, hazırda vəzifədə olan kadrlar Prezidentin göstərişlərinə əməl etməyə borcludurlar: “Əks halda onları da digər həbs edilən məmurların aqibəti gözləyir. Prezident ölkədə yeni islahatlar başladıb.

Ölkə artıq rüşvətxor, öz mənafeyini güdən kadrlardan təmizlənir. Yeni kadrlar bu islahatların tələbinə əməl etmək məcburiyyətindədir. Bunu xalqın gələcəyi və mənafeyi tələb edir”.