Ağsuda iki səhvi birdən etdilər

Açıq havada şagirdlərdən imtahan götürülməsi qanun pozuntusudur

Mövcud qanunvericiliyə görə, yay tapşırığı şagirddən qəbul edilir, qiymətləndirilmir


Ağsuda şagirdlər açıq havada imtahan veriblər. Ötən gün baş tutan imtahan Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə keçirilib. Sözügedən məktəbdən verilən məlumata görə, ötən gün məktəb üzrə yay tapşırığı almış şagirdlərin qiymətləndirilməsi prosesi təşkil edilib. İmtahan karantin rejiminin tələblərinə uyğun olaraq açıq havada təşkil olunub. 



Təhsil eksperti Kamran Əsədov karantin müddətində şagirdlərin imtahana cəlb olunmasını qanun pozuntusu hesab edir. Bu barədə "Şərq"ə açıqlama verən ekspert deyib ki, qanunvericiliyə uyğun olaraq həmin imtahanın təşkilatçıları  məsuliyyətə cəlb olunmalıdır:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən pandemiya səbəbindən orta ümumtəhsil məktəblərində COVİD-19 pandemiyası ilə əlaqədar martın 3-dən etibarən ölkədə tədris prosesi dayandırılıb.

Eyni zamanda buna bərabər tutulan digər fəaliyyət növləri də məhdudlaşdırılıb. Bu səbəbdən də orta məktəb şagirdlərinin DİM-dən kənar qurum və ya şəxslər tərəfindən imtahana cəlb edilməsi yolverilməzdir.

  Ölkədə ancaq qəbul imtahanları keçirlə bilər ki, bu da yalnız Operativ Qərargaha ünvanlanan müraciət təsdiqləndikdən sonra   DİM  tərəfindən reallaşdırıla bilər. Fərqli formatda baş tutan  digər  imtahanlar mövcud karantin rejiminin kobud şəkildə pozulması deməkdir". 

Ekspertin sözlərinə görə, ikinci qanun pozuntusu isə şagirdlərin  yay tapşırığı üzrə qiymətləndirilməsidir. Mövcud qanunvericiliyə görə, yay tapşırığı şagirddən qəbul edilir, qiymətləndirilmir:

"Mart ayından tədris prosesində fasilə yarandığı üçün ümumilikdə şagirdlərin hansısa fənlər üzrə qiymətləndirilməsi doğru deyil. Yay tapşırığı şagirdlərin ikinci yarımildə əldə etdikləri biliyə uyğun verilir. Cari ildə  isə  məktəblilər ikinci yarım il üzrə təhsil proqramından kənarda qalıblar".