Azərbaycan Həkimləri İctimai Birliyindən çağırış: “Ciddi yumşalmaya ehtiyac var”

“Vəziyyət bu şəkildə davam edərsə, ikinci dalğa baş verdikdə itkilərimiz daha böyük olacaq”

“Bu məqsədlə testlərin qiymətləri aşağı salınmalı, onların əlçatanlığı təmin edilməli, hər bir vətəndaşın özünü yoxlatdırmaq imkanı olmalıdır”


Azərbaycan Həkimləri İctimai Birliyi (AHİB) "COVİD-19" pandemiyası ilə mübarizədə bəzi qadağaların ləğvinə çağırış edib. 
"Sherg.az"ın məlumatına görə, çağırışda respublikamızda koronavirus pandemiyası ilə bağlı sərt karantin rejimi elan olduğu gündən görülən izolyasiya tədbirləri, zamanında modul tipli xəstəxanaların açılması və istifadəyə verilməsi virusun ölkəmizdə yayılmasının qarşısını alındığı vurğulanıb. Qeyd olunub ki, 5 aylıq karantindən insanlar yorulublar və hazırda ciddi yumşalmaya ehtiyac var:

 "İqtisadiyyatımızın itkiləri, «evdə qal» karantinin insanların psixi-emosional durumuna vurduğu zərbə və nəticədə əhalinin immun sisteminin xeyli zəifləməsini nəzərə alsaq, bu testi  icra edən mərkəzlərin sayının artırılmasının təmin edilməsi məqsədəuyğundur. Bu, həm xəstələrin vaxtında aşkar olunmasına imkan verməklə bərabər, populyasiyada xəstələrin dəqiq sayını, kollektiv immunitetin yaranma faizini müəyyən etməyə və əks-epidemik tədbirlərə dəstək olmağa kömək edər".

Bundan başqa, Bakıdakı sıxlığı azaltmaq, insanların istirahət hüququnu qorumaq məqsədilə hərarət ölçülərək, rayonlara (regionlara) gediş-gəlişə izn verilməsinin məqsədəuyğunluğu vurğulanan AHİB-in çağırışında ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılması kimi məsələlərə də diqqət çəkilib:

"Bu məqsədlə iş saatlarının başlama və bitmə vaxtlarının dəyişdirilməsi zəruri hesab edilə bilər. Eyni zamanda, metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq dünya praktikası öyrənilməlidir". 

AHİB çağırışında toy mərasimlərinin təşkili barədə öz təkliflərini irəli sürüb: 

"Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili üzrə normativlər dəqiqləşdirilməlidir.

Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Yaxın qohumlar onsuz da daimi təmasdadırlar.

Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsi təmin olunmalıdır. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir.

Məsələn, qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılmalı, masalar arası məsafə ən azı 2 metr, üzbəüz əyləşənlər arası məsafə də ən azı 2 metr olmalıdır.

Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafə gözləməli, 12 yaşadək uşaqların toyda iştirakı qadağan edilməlidir. Bütün bu tədbirlərin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarının ciddi nəzarətində saxlanılmalıdır".