İşartı görünür ! "Moskva-Bakı münasibətlərində ortaq yol tapılacaq” - MÜZAKİRƏ !

 “Rusiyanın bəzi maraqları təmin olunacaq və Azərbaycanın daxili və beynəlxalq müstəqilliyi üçün təhdid yaranmayacaq”

“Rusiyaya Ukrayna və Belarusda olduğu kimi əlavə bir problem lazım deyil”

“Çətinlikləri onsuz da çoxdur. Özünə başqa bir düşmən qazanmaq şimal qonşumuza sərf etmir”


Rusiya xarici işlər naziri Sergey Lavrov iyul ayında Azərbaycan-Ermənistan sərhəddində qeydə alınan gərginliyə toxunub. Bu barədə Rusiyanın “Trud” qəzeti yazıb. Bildirilib ki, diplomat döyüşlərinin başlanmasına görə, Ermənistanı açıq dillə ittiham edib.
“Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini reanimasiya etmək cəhdi ağır nəticələrə səbəb olacaq hadisələr zəncirinin başlanğıcı oldu”.
Lavrov ad çəkməsədə də, rəsmi Bakının cəbhədəki gərginlikdən narahatlığına İrəvanın  reaksiyasını “qeyri-adekvat” kimi dəyərləndirib.
 
Sergey Lavrov Rusiya da daxil olmaqla hazırda həmsədrlərin danışıqlar prosesini bərpa etməyə çalışdığını deyib.
“ATƏT-in Misnk qrupunun Rusiyadan həmsədri İqor Popov bütün bu müddət ərzində hər iki ölkənin XİN rəhbərləri ilə əlaqədə olub. Nəticədə, Rusiya tərəfinin də aktiv səyləri ilə ilk cəhddə olmasa da, iyulun 16-da atəşkəs rejiminin əldə olunmasına nail olduq”.
Etiraf etmək ki, bu, Lavrovdan gözləmədiyimiz addımdır. Çünki onun ermənipərəst mövqeyi hər kəsə məlumdur. Bəs bu dəfə niyə belə danışıb? Bəlkə, necə deyərlər, haqqı, ədaləti görən gözü açılıb?

 “Sherg.az” olaraq Rusiyanın xarici işlər nazirinin səsləndirdiyi fikirlərlə bağlı siyasi analitik Turab Rzayevlə müzakirə apardıq. 

- Lavrovun mövqeyini necə qiymətləndirirsiniz?

- Əslində, bu, Azərbaycanpərəst mövqe deyil. Onun dedikləri yenə də bilavasitə Ermənistanın ürəyincədir. 

- Hansı səbəbə, fakta əsasən belə düşünürsünüz? 

- Birinci səbəb Lavrovun “Ermənilər əvvəlki mövqelərinə qayıdırları” ifadəsidir. Diqqət edin, o, yenə də həmin ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu danır və Ermənistana məxsus yer kimi təqdim edir. İkincisi isə, nazirin dediklərindən belə çıxır ki, Ermənistan həmin mövqelərin 15 kilometrliyində yerləşən neft-qaz xəttlərinə hücum və ya nəzarət etmək istəyir.

Strateji əhəmiyyətli həmin xəttlərin sadəcə bizə aid olmadığını nəzərə almaq lazımdır. Türkiyə, Çin, Malayziya ilə yanaşı, Avropa ölkələri, hətta Rusiya özü də bu kanallarda pay sahibidir. Üstəgəl, sözügedən kanallar İsrailin yanacaq ehtiyatının 30-40 faizini ödəyir. Deməli, Ermənistanın belə bir cəhdi ən azı Avropa İttifaqının maraqlarına zərbədir, dünyanı qarşısına almaqdır.

Əlbəttə, xüsusilə indiki ağır şəraitdə, daxili klanlar arasındakı müharibənin davam etdiyi bir vaxtda belə bir addım Paşinyana lazım deyil. Sadəcə Lavrov Ermənistan vasitəsilə öz mesajını verdi. 

- Azərbaycan xarici işlər nazirinin rusiyalı həmkarı ilə görüşündən gözləntiləriniz nədir?

- Bildiyiniz kimi, indi münasibətlər kifayət qədər gərgindir. Dövlət başçımız da Rusiya prezidenti Vladimir Putinlə olduqca ciddi danışdı və baş verənlərdən narahatlığını bildirdi. Rusiya lazımi mesajı aldı. Odur ki, münasibətlərin normallaşacağını gözləyirəm. 

- Buna əsas verən nədir?

- Türkiyənin ölkəmizə gəlişi müharibə üçün deyil, müdafiə məqsədlidir. Yəni əgər Ermənistan adı ilə maraqlarımıza zidd hansısa addımlar atılsa, düşmən adekvat cavabı alacaq. Biz Rusiya ilə dostluq münasibətlərimizi, müttəfiqliyimizi, hətta strateji müttəfiqliyimizi qorumalıyıq. Amma Kreml də Azərbaycanın daxili müstəqilliyinə qarışmamalıdır. Düşünürəm ki, Rusiya hərbi dəniz donanmasının qarşılanması, həmçinin Şoyqu ilə görüş də münasibətlərin normallaşmasının işartısıdır. 

- Sizcə, Rusiya loyal siyasət yeridə bilər?

-Əlbəttə. Rusiyaya Ukrayna və Belarusda olduğu kimi əlavə bir problem lazım deyil. Çətinlikləri onsuz da çoxdur. Özünə başqa bir düşmən qazanmaq şimal qonşumuza sərf etmir. Ona görə Moskva praqmatik siyasət yürüdə bilər. Məncə, rasionallıq qalib gələcək və ortaq yol tapılacaq.

Həm Rusiyanın bəzi maraqları təmin olunacaq, həm də Azərbaycanın daxili və beynəlxalq müstəqilliyi üçün təhdid yaranmayacaq.