Sülhməramlı niyyəti ilə mərhəmət simvoluna çevrilən XANIM – Mehriban Əliyeva 

Jalə Əliyeva:“Mehriban xanım kökü Azərbaycan ənənələrinə, qadınlığına dayanan nümunəni ortaya qoyur”


Flora Qasımova:“Azərbaycanı inkişaf etmiş, demokratik ölkə səviyyəsinə qaldırmaq üçün onun zövqü ilə çox böyük işlər görüldü”


Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanım Azərbaycanda sosial və humanitar sahənin inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində misilsiz işlər görüb, uğurlu layihələrə imza atıb. Mehriban xanım Əliyeva Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də bir örnəyə çevrilib. 

Mehriban xanımın çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, tarixi və mədəni irsimizin dünyada təbliği sahəsində genişmiqyaslı fəaliyyəti hər kəsə məlumdur. Onun gördüyü işlərin dövlətə, xalqa verdiyi səmərə ölçüyəgəlməz dərəcədə dəyərli və əhəmiyyətlidir.



Birinci – vitse prezidenti doğum günü münasibəti ilə təbrik edən millət vəkili Jalə Əliyeva “Sherg.az”a bildirib ki, ölkəmizin Birinci xanımı dünyada Azərbaycan qadınının simvoludur:

“Mehriban xanım mərhəmət, daxili zənginlik və xarici gözəlliyin vəhdətini özündə daşıyan qızıl ürəkli bir xanımdır. Bu gün Mehriban xanımın timsalında Azərbaycan qadını olaraq bütün dünyada öz sözümüzü demişik. Dünya ölkələri onun timsalında Azərbaycan qadınının potensialına, bitməz-tükənməz enerjisinə, dövlət başçısı ilə birlikdə çiyin-çiyinə addımlamaq bacarığına və Azərbaycan qadınının qeyrətinə şahid olur. Mehriban xanımın timsalında Azərbaycan qadını böyük uğurlara yiyələndiyini nümayiş etdirir. Biz Mehriban xanımla fəxr edirik. Mehriban xanımı bu gün sadəcə ölkəmiz və vətəndaşlarımız deyil, bütün dünya qiymətləndirir və dəyərini verir”. 

Xanım parlamentari vurğulayıb ki, Mehriban xanımın dünyada tanınması, bir çox ölkələrin orden və medallarına layiq görülməsi hər birimiz üçün böyük qürurdur:

“O, iki böyük təşkilatın-UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. UNESCO Avropa ölkələrini, İSESCO isə Şərq ölkələrini birləşdirən bir təşkilatdır. Deməli, Azərbaycan qadını və şəxsən Mehriban xanım özündə həm Avropa, həm Şərq dəyərlərini daşıyır. Kökü Azərbaycan ənənələrinə, qadınlığına dayanan nümunəni ortaya qoyur. Onun fəaliyyəti sadəcə Azərbaycanla bitmir. Mehriban xanımın ölkəmizdən kənarda həyata keçirdiyi tədbirlər, sülhməramlı layihələr, təhsil sahəsində gördüyü işlər əvəzedilməzdir. Bu addımlar onu mərhəmət, qayğıkeşlik və ana simvoluna çevirib. Bu gün münasibəti ilə bir daha Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Ailə üzvlərinə, cənab Prezidentimizə can sağlığı, xoşbəxtlik arzu edirəm. Onların gözəl nümunələri Azərbaycanımız durduqca var olsun, bu nümunələr hər birimizə yol göstərən ulduza çevrilsin”.



Sabiq millət vəkili Flora Qasımovanın sözlərinə görə, Mehriban xanım xalqını dərindən sevən biridir:

“Adam var ki, sadəcə danışmaqla məşğuldur. Sözü ilə əməli düz gəlmir. Amma Mehriban xanım Azərbaycan mədəniyyətini və incəsənətinin bütün dünyada tanıdılmasında iştirak edib. Onun xeyirxahlığı artıq Azərbaycanın sərhədlərini aşıb. O, nə qədər insanlara dəstək olub. Gərək xalqını sevəsən ki, bu işi görəsən. O qədər vəzifəli adamlar var ki... Onlar Mehriban xanımın gördükləri işin heç olmasa, iki faizini görsəydi, ölkəmizdə çətin vəziyyətə düşən insan qalmazdı. Mehriban xanım 2016-cı ildə Aprel döyüşlərində şəhid oğullarımızın anaları ilə görüşəndə necə göz yaşı axıdırdı. Şəhidlərimizin ölümü ona çox təsir etmişdi. Ürək yanmasa, gözdən yaş çıxmaz”.

F.Qasımzadə qeyd edib ki, Mehriban xanım həm də Prezidentimizin etibarlı dostudur:

“Mehriban xanım Birinci vitse-prezident seçiləndən sonra ölkəmizdə çoxlu dəyişikliklər oldu. Azərbaycanı inkişaf etmiş, demokratik ölkə səviyyəsinə qaldırmaq üçün onun zövqü ilə çox böyük işlər görüldü.                              
Mehriban xanım yüksək insani keyfiyyətləri olan, əsl Azərbaycan xanımının simasını özündə əks etdirir. Ona uzun ömür, can sağlığı arzu edirəm. Allah Prezidentimizin də canını sağ eləsin. Biz hər zaman onların arxasındayıq. Çünki xalq üçün çalışanların arxasında durmaq lazımdır”.