Moskva görüşü nə vəd edir? – “Rusiyanın bitərəfliyini təmin etmək istəyirik !”- GİZLİNLƏR... 

“Bu danışıqlar Azərbaycan kimi Rusiya da maraqlı idi”  

“Görüşü şərtlərindən əsas məqamlardan biri də Rusiyanın Ermənistanı silahlandırması olub”

"Rusiyanın yayılan məlumatı təkzib etməsi münaqişənin həllində Azərbaycana yönəlik müsbət impulsların yarandığını deməyə əsas verir”


Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatıb. Rusiya XİN-nin Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb, nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Nazirlər danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçirib. 

S.Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar:

“Biz ümumilikdə nizamlanma prosesinin davam etdirilməsinə köklənmişik. Bu mənada stabil və dayanıqlı danışıqlar prosesini təmin etmək üçün lazımı atmosfer yaratmaq lazımdır. Əlbəttə ki, danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”.

C.Bayramov da bunları bəyan edib:

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, regionun böyük dövlətidir. Bu cəhətdən biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik”.



Nazirlərin görüşünü “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli görüşün pərdəarxası məqamlarından danışıb: 

“Burada bir neçə vacib detal var. İlk növbədə onu deyim ki, Azərbaycan xarici siyasətinin əsas istiqaməti həm Türkiyə, həm də Rusiya ilə əlaqələrdən yararlanmaqdır. Beləliklə, bu üçlük Cənubi Qafqazda yeni bir model yaratmağa çalışır. Türkiyə ilə Rusiya münasibətləri ən yüksək səviyyədədir. Azərbaycanın şimal qonşusu ilə münasibətlərində, xüsusilə Dağlıq Qarabağ münaqişəsi zəminində müəyyən problemlər ola bilər. Görüşün əsas məqsədi bu problemləri həll etməkdir. Azərbaycan Rusiyaya yönəlik strateji müttəfiqliyə sadiq qalmaqla Dağlıq Qarabağda baş verə biləcək hansısa toqquşmada Rusiyanın bitərəfliyini təmin etmək istəyir. Məqsəd isə Ermənistanı təkləməkdir”. 

Ə.Əlibəylinin sözlərinə görə, bu görüş Azərbaycan kimi Rusiyaya da maraqlı idi:  

“Əlbəttə, görüşü şərtlərindən əsas məqamlardan biri də Rusiyanın Ermənistanı silahlandırması olub. Dünən Rusiya Müdafiə Nazirliyi belə bir açıqlama verdi ki, həmin 400 ton yük Rusiyanın Ermənistandakı hərbi bazalarına göndərilən  hərbi-tikinti materiallarıdır. Həmçinin onların Ermənistan ordusuna heç bir aidiyyəti olmadığı, Azərbaycan əleyhinə istifadəsinə yol verilməyəcəyi bildirilib. Rusiyanın yayılan məlumatı təkzib etməsi münaqişənin həllində Azərbaycana yönəlik müsbət impulsların yarandığını deməyə əsas verir. Görüşü vacib edən digər məqam isə cənab Bayramovun Türkiyəyə səfəridir. Yəni belə bir görüşə ehtiyac var idi.

Rusiya danışıqlar vasitəsilə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin hansı həddə olduğunu öyrənmək və bunun Rusiya əleyhinə olmadığı ilə bağlı izahat almaq istəyirdi”.