Paşinyandan təcili toplantı ! - “Bakı-Ankara tandeminin  böyük güc olduğunu bilir”

“Ermənistan bu yolla xaricdəki diaspordan dəstək almaq istəyir”

“Həm də erməni baş nazir Kremlin beyninə yeritmək istəyir ki, birləşmiş türk ordusu Rusiyanı Ermənistandan çıxara bilər və oradakı hərbi bazanı bir anın içində məhv edə bilər”



Bir müddət öncə Azərbaycanla Türkiyənin birgə hərbi təlim keçirməsi ilə bağlı Ermənistanda Təhlükəsizlik Şurasının iclası baş tutub. Bu barədə Ermənistan KİV-də məqalə dərc olunub. Məlumatda göstərilir ki, iclasda Azərbaycan və Türkiyə ordularının birgə keçirdiyi hərbi təlimlər müzakirə olunub.

Təlimlərin miqyası və müddəti ilə bağlı narahatlığını gizlətməyən baş nazir Nikol Paşinyan Ankaranı regionda sabitliyi pozmaqda ittiham edib.
“Biz mövcud təhlükələrə cavab verməliyik. Türkiyəyə qarşı çıxmaq Milli Təhlükəsizlik Şurasının, Xarici İşlər Nazirliyinin və hökumətin əsas gündəmi olmalıdır”-deyə Paşinyan deyib.
 
Vəziyyəti  “Sherg.az”a dəyərləndirən politoloq Mübariz Əhmədoğlu Təhlükəsizlik Şurasının iclaslarının gələcəkdə də təkrarlanacağını istisna etmir: 

“Bu iclas Azərbaycan və Türkiyə birgə hərbi təlimləri ilə bağlı deyildi. Sadəcə Paşinyan özünü Rusiyaya bənzətmək istəyir. Ona görə də müntəzəm olaraq belə iclaslar keçirir. Görəcəksiniz ki, təxminən bir aydan sonra şuranın növbəti iclası baş tutacaq. Amma, əlbəttə, toplantıların istiqamətlərindən biri də məhz hərbi əməliyyatlardır”. 

M.Əhmədoğlu, həmçinin Paşinyanın məkrli siyasətindən də söz açıb:

“Paşinyan Bakı ilə Ankaranın nə qədər böyük güc olduğunu bilir. Ermənistan bu yolla xaricdəki diaspordan dəstək almaq istəyir. Həm də Paşinyan Kremlin beyninə yeritmək istəyir ki, birləşmiş türk ordusu Rusiyanı Ermənistandan çıxara bilər və oradakı hərbi bazanı bir anın içində məhv edə bilər”.